Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak ediblər

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər və rayonun perspektiv inkişafı ilə bağlı layihələr barədə məlumat verilib.

Sonra dövlətimizin başçısı və birinci xanım Pirallahı Rayon İcra Hakimiyyəti üçün inşa edilən binada yaradılan şəraitlə tanış olublar.

Binada operativ-idarəetmə, vətəndaşların qəbulu, iş otaqları, akt və konfrans zalları, kitabxana və digər zəruri otaqlar var. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.

Binanın ətrafında genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, fəvvarə quraşdırılıb, işıqlandırma sistemi yaradılıb, mindən çox ağac və gül-çiçək əkilib, yaşıllıq zolağı salınıb.