Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimində iştirak ediblər

İyulun 21-də “Baku Crystal Hall”da “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, növbəti Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi Slovakiyanın Baş Nazirinin müavini Riçard Rasi və Avropa Olimpiya Komitələrinin rəhbərliyi ilə görüşüblər.

Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış və yay festivalları da var.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir. Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb.

Bakı vaxtı ilə saat 20:00-da XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi başlayıb.