Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak ediblər

Noyabrın 12-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Nərimanov rayonu, Atatürk prospekti 89 ünvanında yerləşən beşmərtəbəli inzibati binada “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Burada startaplara və innovasiyalara dəstək ekosisteminin elementləri olan “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin İT savadlılığının artırılması məqsədilə İT Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada innovativ layihələrlə də tanış olublar.

Bildirilib ki, “Wattbooster” qurğusu elektrik enerjisinin faydalı iş əmsalını artırır, elektromaqnit sahəsinin hesabına daha сох enerji istehsal edir. Nəticədə elektrik avadanlıqlarının enerji sərfiyyatına qənaət olunur. Hələlik bu qurğu mobil operatorların antennalarının elektrik enerjisinin sərfiyyatının azaldılması üçün nəzərdə tutulub.

“Lia” adlı spinal qurğu onurğa sütununun vəziyyətinə nəzarət edir və insanda düzgün qamət yaradır. Mikrokontroller və iki sensordan ibarət olan, çiyindən asılan “Lia” minimum 3 həftədən sonra heç bir narahatlıq hissi doğurmadan onurğa sütununu düzəltməyə kömək edir. Sensor çiyinlərin vəziyyətini müəyyən edərək duruşun düzgünlüyünü yoxlayır. İstifadəçinin duruşu səhv vəziyyətdə olduğu halda telefonuna bildiriş gəlir və qaməti düzəltmək yada salınır.

“Safee” adlı ixtira yolda təhlükəsiz şəkildə, əsasən axşam vaxtı velosiped sürmək üçün dizayn edilib. Cihaz təhlükəsizlik işarələrini velosiped sürücüsünün bel nahiyəsinə əks etdirir. Nadir cihaz istehsal olunduğu ilk gündən dünya mediasında böyük maraq doğurub. Belə ki, BBC, Mirror, Yahoo və digər media qurumlarında layihə haqqında məqalələr dərc edilib və o, bir neçə qlobal mükafata layiq görülüb. Yaxın gələcəkdə kütləvi istehsalına başlanılacaq bu cihaz üçün bir sıra ölkələrdən yüzlərlə sifariş daxil olub.

“Wetravel” isə turizm şirkətləri üçün ödəmə şəbəkəsidir. Şəbəkə istifadəçisi olan şirkətlər bir-birləri ilə pul mübadiləsini ən aşağı komissiya ilə həyata keçirə bilərlər. Otellər, hostellər, aviaşirkətlər, səyahət agentlikləri və bu qəbildən digər şirkətlər platformanın imkanlarından yararlana bilərlər. “Wetravel” istifadəçilərə səyyah məlumatının, ödənişlərin asanlıqla toplanması, ən aşağı məzənnə ilə beynəlxalq ödənişlər kimi imkan yaradır. Platforma vasitəsilə 80-dən çox ölkəyə minlərlə səfər təşkil edilib.

“Namo Media” onlayn reklam idarəetmə sistemidir. Fox, ESPN kimi böyük xəbər saytlarının reklam idarəetməsi bu sistemlə həyata keçirilir. “Namo Media” 2014-cü ildə Twitter şirkəti tərəfindən 50 milyon dollar dəyərində qiymətləndirilərək alınıb.

Bu startaplar azərbaycanlı təsisçilər tərəfindən hazırlanıb və qlobal bazarı hədəfləyir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “Elektron hökumət”in yeni inkişaf konsepsiyası barədə də ətraflı məlumat verilib.