Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəliblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verilib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

XXX

Noyabrın 5-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Məlumat verilib ki, Ağdam Muğam Mərkəzinin inşasına 2016-cı ilin oktyabrında başlanılıb. İnşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Muğam Mərkəzinin ərazisi 7782 kvadratmetr, tikintialtı sahəsi isə 1800 kvadratmetrdir. İkimərtəbəli bina yüksək zövqlə müasir səviyyədə inşa olunub. Burada qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da fəaliyyət göstərəcək. Bu mərkəzin konsert zalı da müasirliyi ilə seçilir. Buradakı 328 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.

Qeyd edilib ki, Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək.

Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb.

Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Mehriban Əliyeva çıxış edərək dedi:

- Əziz dostlar, ilk növbədə, mənim fəaliyyətim haqqında dediyiniz sözlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, muğam sənəti haqqında çox danışmaq olar. Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir. Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdik və sonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz doğrudan da vahid bir komanda kimi çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki, müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

XXX

Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova və Ramiz Quliyev görüşdə çıxış ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

XXX

Noyabrın 5-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxıblar.

Məlumat verilib ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 90 nəfər işə qəbul olunub.

Bildirilib ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Müəssisədə çalışan toxucular bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək.

Qeyd olunub ki, bu kursların məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin edilirlər. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.

Dövlətimizin başçısı və birinci xanım xalçaçılarla görüşüblər.

Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

XXX

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Əsmər Hüseynovaya məxsus pambıq sahəsi ilə tanış olublar.

Dövlətimizin başçısı pambıqçılarla söhbət edib.

Sonda xatirə şəkli çəkdirilib.

Dövlətimizin başçısı məhsulun vaxtında və itkisiz toplanması ilə bağlı müvafiq tapşırıqlarını verib.

XXX

Noyabrın 5-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.

Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibati bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələr, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qaçış zolağı, məşq qurğusu, gübrə anbarı və köməkçi qurğulardan ibarətdir. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə yaradılan şəraitlə tanış olublar.

Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milli “Sür-papaq” atüstü oyununa baxıblar.

Dövlətimizin başçısı və xanımı kompleksin tövlələrində yaradılan şəraitlə də tanış olublar.

Məlumat verilib ki, burada atların daxili orqanlarının müayinəsi, boğazlığın ilkin təyini, sınıq və zədələnmələrin diaqnostikası, yarışlardan əvvəl və sonra, karantin dövründə müayinələrin aparılması, istifadə edilmiş laboratoriya avadanlığının sterilizasiyası, həmçinin seleksiya damazlıq işini aparmaq üçün avadanlıq və alətlər var. Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxlanılır. Kompleksdə 28 mütəxəssis çalışır.

Dövlətimizin başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin “Süvarilər” qrupunun nümunəvi çıxışlarına da baxıblar.

Sonra xatirə şəkli çəkdirilib.