Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfər ediblər

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gəliblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar.

Rayonda görülən işlər haqqında dövlətimizin başçısına və birinci xanıma məlumat verilib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

XXX

Oktyabrın 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

Heydər Əliyev Mərkəzində görülən işlərlə tanışlıq zamanı məlumat verilib ki, burada Ümummilli Liderin yeni abidəsi ucaldılıb. Heydər Əliyev Mərkəzinin tikintisinə 2018-ci ilin martında başlanılıb. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinə dair tarixi sənədlərə də geniş yer verilib. Burada Ulu Öndərin uşaqlıq, gənclik və tələbəlik illərinə, həmçinin hakimiyyətdə olduğu dövrlərə aid müxtəlif fotolar maraqla qarşılanır. Bu fotolarda Heydər Əliyevin sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb.

Sahəsi 3700 kvadratmetr olan Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün böyük akt zalı yaradılıb. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Şəkidəki Heydər Əliyev Mərkəzində də bu məqsədlə müvafiq şərait yaradılıb. Mərkəzdə kompüterlər və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcək. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan xarici dillərin tədrisi otağı, 20 və 60 yerlik iclas zalları, rəsm və foto studiyaları, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb.

Mərkəzdə, həmçinin Şəki şəhərinin 2017-ci ildən UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinin üzvü olmasına dair xüsusi guşə yaradılıb, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun maketi quraşdırılıb.

Dövlətimizin başçısına və birinci xanıma Şəki rayonunun Kiş kəndindəki Alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması layihəsi barədə də məlumat verilib.

XXX

Oktyabrın 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə Bayraq Muzeyinin açılışında iştirak ediblər.

Məlumat verilib ki, muzey Bayraq Meydanında yerləşir. Meydanda hündürlüyü 72,4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib.

Qeyd olunub ki, Bayraq Muzeyinin inşasına 2018-ci ilin martında başlanılıb. Tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə var. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.

Muzeyin eksponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərinə aid konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.

XXX

Oktyabrın 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər.

Məlumat verilib ki, yolun uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metrdir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları tikilib.

Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr olan piyada səkiləri də yaradılıb. Dayaqsız biraşırımlı körpünün çay yatağından hündürlüyü 7 metrdir. Bu isə gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib. Layihə çərçivəsində çayda su axınının tənzimlənməsi və yaşayış məntəqələrini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.

Bildirilib ki, avtomobil yolunun inşası iki yaşayış məntəqəsi arasında yük və sərnişin daşınmasının yaxşılaşdırılmasına imkan verəcək, həmçinin yerli və xarici turistlərin Kiş kəndinə və “Marxal” istirahət mərkəzinə gediş-gəlişində mühüm rol oynayacaq.

Sonda xatirə şəkli çəkdirilib.

XXX

Oktyabrın 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər.

Məlumat verilib ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 15-ci mərkəzidir. Şəhərin Zərifə Əliyeva küçəsində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin tikintisinə 2017-ci ildə başlanılıb. İnşaat işləri bu ilin oktyabrında başa çatdırılıb.

Dövlətimizin başçısı Şəki “ASAN Həyat” kompleksini işə salıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, bu kompleks Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarında qeydiyyatda olan ümumilikdə 510 mindən çox vətəndaşa xidmət göstərəcək. Şəki “ASAN Həyat” kompleksində 11 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox xidmət həyata keçiriləcək. Kompleksdə çalışacaq əməkdaşların sayı 190, könüllülərin sayı isə 50 nəfərdir. Şəki “ASAN Həyat” kompleksində “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər.

Şəki “ASAN Həyat” kompleksində də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin layihəsi olan “ASAN Peşə” mərkəzi yaradılıb.

Dövlətimizin başçısı və birinci xanım “ASAN Peşə” mərkəzi ilə tanış olublar.

Layihə ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. “ASAN Peşə” mərkəzi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Mərkəzdə tədris tütünçülük, laboratoriya, bağçılıq, logistika-texnologiya, ipəkçilik və fındıq yetişdirilməsi istiqamətləri üzrə həyata keçiriləcək. Mərkəzdə “ABAD”ın sərgi salonu da fəaliyyət göstərəcək. Burada Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi də yaradılıb.

Kompleksdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə var.

Prezident İlham Əliyev mərkəzdə innovativ yeniliklərlə tanış olub.

Bildirilib ki, “E-Gate” xidməti sərhəd buraxılış məntəqələrində ölkəyə gələn və ölkəni tərk edən şəxslərin sərhəd keçidinin sürətləndirilməsi və prosesin avtomatlaşdırılmasını təmin edir. Vətəndaş xüsusi qurğuya yaxınlaşaraq pasportun məlumatlarını “E-Gate” cihazında oxudur. Sonra qurğu vasitəsilə vətəndaşın şəkli çəkilir, biometrik göstəriciləri - üz tanıma və barmaq izi tanıma texnologiyası vasitəsilə eyniləşdirilir. Məlumatlarda hər hansı problem aşkar edilməzsə avadanlıq avtomatik olaraq şəxsin keçidinə imkan verir. Əks halda sərhəd məntəqəsinin əməkdaşına bu barədə bildiriş gedir və məsul əməkdaş dərhal yaxınlaşaraq problemlə tanış olur. Bu cihaz vasitəsilə bir nəfərin sərhəd nəzarətində yoxlanılma prosesi bir neçə saniyə ərzində yekunlaşır.

Digər bir yenilik isə Elektron etibarnamə sistemidir. Bu sistem vətəndaşlara məxsus daşınar və daşınmaz əmlaka, malik olduğu xidmətlərə dair hüquqların başqasına ötürülməsinə dair etibarnamələrin elektron mühitdə, elektron və mobil imza texnologiyalarından istifadə etməklə tamamilə avtomatlaşdırılmış platformada təqdim edildiyi bir sistemdir.

Dövlətimizin başçısına “ASAN Viza” sistemində yeniliklərin təqdimatı da olub. Təqdimat “ASAN Viza” sisteminin hava limanlarında tətbiqi ilə bağlı məlumatı özündə əks etdirir. Eyni zamanda, “ASAN Viza” sığortası sistemi ilə bağlı məlumat mövcuddur ki, burada da Azərbaycana gəlmək üçün müraciət edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin vizadan imtina edilməsi halında ödədiyi rüsumun sığorta şirkəti tərəfindən kompensasiyasını nəzərdə tutur. Bu sistem, eyni zamanda, xarici ölkədə olarkən baş verə biləcək hər hansı maddi itki və vətəndaşın səhhətində yaranan problemin aradan qaldırılmasını və xərclərin sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəcək.

Yeni layihələrdən biri də “E-Qəza” sistemidir. Xüsusi avadanlıq və proqram təminatından ibarət olmaqla avtomobillərdə yerləşdirilən bu sistem qəza zamanı sürücü və qəzanın yeri barədə məlumatların avtomatlaşmış “E-Qəza” mərkəzinə ötürülməsi və lazımı təxirəsalınmaz xidmət əməkdaşlarının qəza yerinə göndərilməsini təmin edir. Sistem vasitəsilə sürücü ilə əks əlaqə yaratmaq və daha ətraflı məlumat əldə etmək imkanı da yaradılacaq.

Şəki “ASAN Həyat” kompleksində “CoWorking” mərkəzi də fəaliyyət göstərəcək. Mərkəz yeni başlayan bizneslərə - startaplara inkubasiya dövrü üçün nəzərdə tutulan ümumi iş yeridir. Bu modeldən frilanserlər və tək işləyənlər də istifadə edirlər. Ümumilikdə model dayanıqlıdır və iş yerlərini icarəyə verməklə dayanıqlılıq təmin edilir.

“ASAN Həyat” kompleksi üçün ayrılan 2,4 hektar ərazidə uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, yay kafesi və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin əməkdaşları ilə görüşüblər.

Sonda xatirə şəkli çəkdirilib.

XXX

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki şəhərində qarışıq tipli uşaq evi üçün inşa olunan yeni binanın açılışında iştirak ediblər.

Məlumat verilib ki, Şəki şəhər qarışıq tipli uşaq evinin Gənclər küçəsində yerləşən əvvəlki binası 1897-ci ildə şəkili tacir Hacı Zülqədər Zülfüqarov tərəfindən şəxsi yaşayış evi kimi inşa olunub və 1930-cu ilədək bu məqsədlə istifadə edilib. 1930-cu ildən həmin binada Şəki şəhər qarışıq tipli uşaq evi fəaliyyət göstərirdi. Uşaq evinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğundan və mövcud infrastruktur rahat məskunlaşmaya imkan vermədiyindən burada uşaqlara lazımi səviyyədə xidmət göstərmək mümkün deyildi. 2017-ci ildə Heydər Əliyev Fondunun nümayəndələri Şəki qarışıq tipli uşaq evinin binasının mövcud şəraiti ilə tanış olublar. Uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyə və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni binanın inşasına başlanılıb. Şəki şəhərində uşaq evinin binası üçün ayrılan bir hektar ərazidə ümumi sahəsi 2 min kvadratmetrdən çox olan ikimərtəbəli bina inşa edilib.

Bildirilib ki, uşaq evi bütün yaş qrupları üzrə 80 yerlikdir. Şəki rayonu ilə yanaşı, ətraf bölgələri də əhatə edən uşaq evində hazırda valideyn himayəsindən məhrum olan 3 yaşdan 20 yaşadək 60 nəfər məskunlaşıb. Binada oğlanlar və qızlar üçün ayrı bölmələrdə yerləşən, zəruri inventar və avadanlıqla təchiz edilən 2, 3 və 4 nəfərlik yataq otaqları, dayə otaqları, kitabxana, kompüter otaqları, musiqi otağı, emalatxana, idman zalı, həkim və tibb bacısı otaqları, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət otağı, mətbəx, yeməkxana və çamaşırxana var. Burada, eyni zamanda, məktəbəqədər yaş qrupları üçün 20 yerlik uşaq bağçası da fəaliyyət göstərir.

Uşaq evinin ərazisində açıq havada min kvadratmetr sahəsi olan idman meydançası qurulub. O cümlədən uşaqların açıq havada istirahətini təmin etmək məqsədilə kölgəliklər və kiçik yaşlı uşaqlar üçün oyun meydançası yaradılıb. Ərazidə yaşıllıq zonası salınıb, müxtəlif meyvə ağacları və digər ağaclar əkilib. Binanın yerləşdiyi ətraf ərazi abadlaşdırılaraq asfalt və daş döşənib, işıqlandırma sistemi quraşdırılıb. Binada inzibati-təsərrüfat tələblərini ödəyən zirzəmi inşa olunub, daimi su, istilik və soyutma sistemi, generator, stabilizator, eləcə də yanğınxəbərverici və videomüşahidə sistemləri qurulub. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə müvafiq avadanlıq və avtobus hədiyyə edilib.

XXX

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkiyə səfərləri çərçivəsində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak ediblər.

“ABAD” publik hüquqi şəxsin Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina “Paşa Holdinq”in dəstəyi ilə yenidən qurulub. Mərkəz müasir avadanlıqla təchiz edilib.

Mərkəzlə tanışlıq zamanı bildirilib ki, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğu Şəki şəhərinin qədim tarixi hissəsində yerləşir. Qoruğun UNESCO-nun mədəni irs siyahısına salınması yönündə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. “Xan sarayı” I, IV, V meyarlarla irs siyahısına salınıb. Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası da qoruğun UNESCO-nun müvafiq siyahısına salınacaq ərazisində, Qala divarlarının içərisində yerləşən beş kazarma binasından biridir. Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. İkimərtəbəli binada işçilər və təlimlərə qoşulacaq şəxslər üçün istirahət otaqları da var. Burada, həmçinin termik soba və təlim otaqları, xammal və hazır məhsul anbarları, etno-butik, ofis və xalçaçılıq otağı yerləşir.

Bir sözlə, mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb.

Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşəcək. Gələcəkdə Mərkəzdə tanınmış əcnəbi sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər, həmçinin müasir avadanlıqlardan istifadə etməklə təlimlər təşkil olunacaq. Mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulur. Bütün bunlardan məqsəd yeni sənətkarların yetişdirilməsidir.

Bildirilib ki, Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində sənətkarların istehsal etdikləri məhsulların satışı da təşkil olunacaq. Ümumilikdə burada 40-dək vətəndaş daimi işlə təmin ediləcək.