Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər çərçivəsində avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Dövlətimizin başçısına məlumat verilib ki, 4 hərəkət zolaqlı olacaq yolun layihəsi 4 lotdan ibarətdir və hazırda tikinti işləri 1-ci lotda aparılır. Bu hissədə yolun beton örtüyünün sökülərək qaldırılması və yol yatağının yenidən tikilməsi işləri görülür. Artıq 1-ci lot üzrə layihənin 0-7-ci kilometrlik hissəsində asfaltlanma işləri əksər ərazidə yekunlaşdırılıb. Bundan əlavə, 1-ci lot üzrə 2 yol qovşağı, yol ötürücü körpü, kanal körpüsü, 4 yeraltı avtomobil keçidi, müxtəlif ölçülərdə 33 beton borunun tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında, ümumilikdə, cəmi 31 min paqonmetr beton baryerlərin tikilməsi nəzərdə tutulub. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir.

Yeni yolun tikinti layihəsinə uyğun olaraq əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Yeni inşa edilən yol 92 kilometrdən sonra Şabran rayonunun Gəndov kəndindən Rusiya sərhədinədək uzanan 60 kilometrlik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 kilometr təşkil edəcək. Ödənişli olacaq yeni avtomobil yolunun tikintisi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi ilə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb edilməsinə, yük həcminin çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına və bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

XXX

Oktyabrın 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olublar.

Dövlətimizin başçısı və xanımı elmi-tədqiqat institutunun binasında yaradılan şəraitlə maraqlanıblar.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. İnstitutda 59 nəfər işçi çalışır, onların arasında elmlər və fəlsəfə doktorları var. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncamına əsasən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan yeni sahələrdə 35 iş yeri açılıb. Burada 73 hektar ərazidə Lənkəran çayçılıq filialı, 19 hektarda Abşeron təcrübə stansiyası, 50 hektarda Qəbələ, 97 hektarda isə Göyçay dayaq məntəqələri yerləşir. Bundan əlavə, Zaqatala dayaq məntəqəsi, Zərdabi elmi təcrübə stansiyası və Quba yardımçı təcrübə təsərrüfatı da institutun balansına daxildir.

Təcrübə bazaları əsasən ötən əsrin 50-ci illərində yaranıb. Onların istifadəsində olan ümumi torpaq sahəsi 662 hektardır, onun 557 hektarı isə əkinə yararlı ərazidir. Əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsi olan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun 50 hektar ərazisində 2017-2018-ci illərdə müasir və məhsuldar meyvə bağları salınıb. Almaniyanın Meyvə və Bitkilərin Seleksiyası Elmi-Tədqiqat İnstitutu, Belarusun Meyvəçilik Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı Akademiyası, İngiltərənin “Meosis” Elmi-Tədqiqat Şirkəti, İspaniyanın “Viveros-veron” Tingçilik və Tədqiqat Şirkəti ilə əlaqələr quran Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Çinin “Anxoy” Aqrar Universiteti və Fransanın meyvəçiliklə məşğul olan “Luare” Kənd Təsərrüfatı Palatası ilə də geniş əməkdaşlıq həyata keçirir.

Prezident İlham Əliyevə əsas hədəfi ixrac potensialının gücləndirilməsi, bağçılığın dayanıqlı inkişafı, keyfiyyətli məhsul istehsalı və innovativ fermerlərin formalaşmasına dəstək olan “Ağıllı bağ layihəsi” barədə məlumat verilib. Həmçinin ixtisaslı mexanizatorların vahid reyestri, fermerlər və mexanizatorları əlaqələndirəcək vahid kommunikasiya sisteminin yaradılması, mexanizatorların peşəkarlıq səviyyəsi və digər göstəricilərinin ölçülməsi və onların ölkə üzrə lokasiyasının öyrənilməsi məqsədini daşıyan “AqroUber” layihəsindən də danışılıb.

Dövlətimizin başçısına yeni yaradılan Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti barədə məlumat verilərkən bildirilib ki, indiyə qədər 300-dən çox fermerin müraciətinə baxılıb. Onlardan alınan 300 min kilqoramdan çox məhsul satışı çıxarılıb. Bu yaxınlarda Cocuq Mərcanlıda 15 fermerin məhsulunun satışı məqsədilə memorandum imzalanıb.

Azərbaycan Prezidentinə “Kənddən Şəhərə” layihəsi haqqında da məlumat verilib. Qeyd olunub ki, layihə çərçivəsində müasir tipli yarmarkaların təşkili, pərakəndə satış mərkəzlərinin qurulması, online sifariş üçün mobil tətbiqin yaradılması nəzərdə tutulur. Layihənin icrası fermerlərin satış bazarlarına birbaşa çıxış probleminin həllində kömək olacaq və şəhər əhalisi kənd məhsullarını innovativ yollarla, əlverişli qiymətlərlə əldə etmək imkanı qazanacaq. Layihənin tərkib hissəsi olaraq Aqrar Birja yaradılacaq və bu yolla kənd təsərrüfatı məhsullarının həm satıcıları, həm də alıcıları vahid platformada birləşəcək, kənd təsərrüfatı məhsullarının qiymət-məlumat bazası yaradılacaq.

XXX

Oktyabrın 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verilib.

XXX

Oktyabrın 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısına tibb müəssisəsində yaradılan şərait barədə məlumat verilib. Qeyd olunub ki, Quba Rayon Mərkəzi Xəstəxanası 1964-cü ildə istifadəyə verilib, lakin uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina istismara yararsız vəziyyətdə idi. 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıq quraşdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

XXX

Oktyabrın 11-də Quba şəhərində 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası açılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Bağçada yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, körpələr evi-uşaq bağçasının inşasına ötən il başlanılıb. Bu ilin sentyabrında isə tikinti işləri başa çatdırılıb. Ümumi sahəsi 1439 kvadratmetr olan bina iki mərtəbəlidir. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb. Ətraf ərazidə geniş abadlıq işləri görülüb, binaların fasadları rənglənib.

XXX

Oktyabrın 11-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

Məlumat verilib ki, “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilmiş və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü. İkimərtəbəli binada “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıq quraşdırılıb. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında 30 nəfərdən ibarət iki “ABAD”çı ailə çalışacaq. Bununla da 30-dək vətəndaş “ABAD” publik hüquqi şəxsin əməkdaşı kimi işlə təmin ediləcək. Bundan əlavə, istehsal prosesində ABAD-çıları xammalla təchiz edəcək yeni ABAD-çıların prosesə qoşulması da nəzərdə tutulur ki, bu da, ümumilikdə, regionda yaşayan 70-80 ailənin məşğulluq və əlavə gəlir əldə etməsinə şərait yaradacaq.

“Paşa Holding”in dəstəyi ilə “ABAD” publik hüquqi şəxs tərəfindən həyata keçirilən “ABAD Gastro Village” layihəsi çərçivəsində isə “Quba ABAD Factory”nin önündə “Food truck park”ı yaradılıb. Qeyd edək ki, ölkədə turizm sahəsində müşahidə olunan inkişaf meyillərinin saxlanılması üçün daim yeni və cəlbedici ictimai iaşə xidmətlərinin təklif edilməsi zəruridir. Bu baxımdan təkərli qoşqular vasitəsilə icra edilmiş “ABAD Gastro Village” layihəsinin ölkəmizin müxtəlif bölgələrində, əsasən də şimal rayonlarında səyyar şəkildə fəaliyyət göstərmək imkanına malik olması və tərtibat baxımından cəlbedici görünməsi bu layihənin uğurlu olacağını deməyə əsas verir. “ABAD Gastro Village” kompleksinin səyyar yerdəyişmələr istisna olmaqla daimi dayanıb-durma nöqtəsi Quba “ABAD Factory”nin önündə təşkil edilmiş “Food truck park”ındadır. Burada dönər, bürger, şirniyyat və pizzaların hazırlanması və satışı nəzərdə tutulub.

“Quba ABAD Factory” və “ABAD Gastro Village” komplekslərində, ümumilikdə, 90-100 nəfər vətəndaşın məşğulluğu təmin ediləcək.

XXX

Oktyabrın 11-də “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Əvvəlcə dövlətimizin başçısına Quba-Xaçmaz iqtisadi rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr barədə məlumat verilib.

Sonra dövlətimizin başçısı zavodu işə salıb.

“Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. Əhalidən tədarük edilmiş meyvələr, ilk növbədə, çeşidlənir, yuyulur, içlikdən təmizlənir, dilimlənir və xüsusi qaydada qablaşdırılaraq qurudulması üçün sobaya yerləşdirilir. Sobada hər bir meyvə növünün xüsusiyyətləri nəzərə alınaraq onlar üçün proqramlaşdırılmış xüsusi rejimdə qurutma prosesi həyata keçirilir. Müəssisədə tələbata uyğun olaraq əsasən alma, armud, gavalı, ərik, üzüm və alça quruları, həmçinin alma çipsi istehsal olunaraq müxtəlif çəkilərdə paketlənir. Meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün dadına, əmtəə görünüşünə və yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir.

Fındığın emalı xəttində isə məhsul ilkin olaraq qurudulur, qabıqdan təmizlənir, çeşidlənir və sonra sobada xüsusi rejimdə qovrulur. Qovrulmuş fındığın soyudulduqdan sonra müxtəlif çəkilərdə vakuum paketlənməsi həyata keçirilir. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara, xüsusilə Rusiya və ərəb ölkələrinə ixracı nəzərdə tutulur.

XXX

Oktyabrın 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba şəhərində salınan Gənclər Parkında yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına parkda görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, parkın inşasına bu ilin fevralında başlanılıb. Ərazisi 0,66 hektar olan bu istirahət məkanı 4 hissədən ibarətdir. Burada yaşlı insanlar üçün hissə, idman zonası, gənclər və uşaqlar üçün guşələr yaradılıb. Bundan başqa, Gənclər Parkında 300 kvadratmetr sahəsi olan 2 mərtəbəli restoran da fəaliyyət göstərəcək. Parkda söhbətgahlar quraşdırılıb, uşaqların vaxtlarını səmərəli keçirmələri üçün attraksionlar qoyulub, geniş yaşıllıq zonaları salınıb, müxtəlif dekorativ ağac və gül kolları əkilib, işıqlandırma sistemi yaradılıb. Bir sözlə, bu parkda Quba sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait var.