Dünyanı heyrətə gətirən 10 səs – “Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edib

Oktyabrın 10-da Rusiyanın məşhur “Turetski xoru” Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib.

Anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub.

Art qrup konsert proqramında repertuarında olan ən məşhur kompozisiyaları təqdim edib.

Nadir səsə, geniş vokal imkanlara, aktyor ustalığına və qeyri-adi xarizmaya sahib ifaçılardan ibarət “Turetski xoru” debütünü 1990-cı ildə edib. Qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir. Kollektivin repertuarı sərhədsizdir, qrup dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif janrlarda ifa edir.

“Turetski xoru”nun repertuarında 10-dan çox dildə kompozisiyalar yer alıb. Bu qrupu populyarlıq rekordçusu adlandıranlar da var, çünki səhnəyə 6 min dəfədən çox çıxıb, turnelər zamanı 4,5 milyon kilometr yol qət edib.

Fərqli dillərdə hitlər səsləndirən “Turetski xoru”nun Azərbaycan tamaşaçılarına sürprizi də oldu: qrup doğma dilimizdə Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa edib.

Konsertdən sonra Mehriban Əliyeva “Turetski xoru”nun kollektivi ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.