Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib

Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda çıxış ediblər.

Parad başa çatdıqdan sonra dövlət başçıları Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi münasibətilə Türkiyədə hazırlanan xatirə markasını və ilk zərfi imzalayıblar.

 XXX

Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi ilə bağlı keçirilən təntənəli paraddan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qız qalasının qarşısına gəliblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qız qalasının qarşısında paradda iştirak edən əsgərlərlə görüşüblər, onlarla xatirə şəkilləri çəkdiriblər.

Dövlət başçıları paytaxt sakinləri ilə xatirə şəkilləri çəkdiriblər.

Daha sonra Azərbaycan və Türkiyə prezidentləri Bakı bulvarını gəziblər.