Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Dinamo” otelinin açılışında iştirak ediblər

Mayın 11-də Bakının Səbail rayonunda “Dinamo” otelinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.

Nəfis tərtibatla qurulan otelin interyeri müasirliyi ilə diqqəti cəlb edir. Burada aparılan yenidənqurma işləri nəticəsində qonaqların qalması, yüksək səviyyədə istirahət etməsi, vaxtlarını səmərəli keçirməsi üçün maksimum imkanlar yaradılıb. İdmançıların və atletlərin arenası olan bu məkan öz yeni konsepti ilə dinamik və müasir həyat tərzi axtaranlar üçün ideal bir məkandır.

Mehmanxananın idman zalında müasir qurğular quraşdırılıb, qonaqların və atletlərin idmanla məşğul olmaları üçün geniş imkanlar yaradılıb. Bundan başqa, oteldə üzgüçülük hovuzu, SPA da qonaqların ixtiyarına veriləcək.

Ümumi sahəsi 7500 kvadratmetrə yaxın olan otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.

 “Dinamo” otelində müxtəlif kateqoriyalara uyğun 28 otaq var.

Otellə tanışlıqdan sonra Azərbaycan Prezidenti kollektivlə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.