Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak ediblər

Aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidinin yeni binasının tikintisinə 2017-ci il iyulun 2-də başlanılıb.

Hacı Cavad məscidinin yeni binası 1200 kvadratmetr ərazini əhatə edir. Yalnız ibadət zalının sahəsi 400 kvadratmetrə yaxındır. Milli memarlıq üslubunda və zövqlə inşa olunan ibadət evinin günbəzinin hündürlüyü 18, minarənin hündürlüyü isə 33,7 metrdir. Məscidin daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divar və sütunları isə Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunaraq dini rəmzlərlə bəzədilib.

Eyni vaxtda 500-dən çox insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Döşəməyə xüsusi olaraq Hacı Cavad məscidi üçün toxunan yeni “Namazgah” xalı döşənib. Məscidin daxilində müasir texnologiyalarla işləyən havalandırma sistemləri quraşdırılıb.

Məscidin ərazisində, həmçinin imam, dərs, kitabxana, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunub. Məscid üçün içməli su anbarı, ayrıca qazanxana da tikilib. Burada, həmçinin ayrıca parkinq sahəsi yaradılıb.

Hacı Cavad məscidinin tarixini əks etdirən daş kitabələr yaxın vaxtlarda yeni ünvana gətiriləcək.

Dövlətimizin başçısı Hacı Cavad dini icmasının üzvləri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Prezident İlham Əliyevə Quran hədiyyə edilib.

Sonda xatirə şəkli çəkdirilib.