VI Qlobal Bakı Forumu
15.03.2018Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirilib.
Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.
Dövlətimizin başçısı VI Qlobal Bakı Forumunun açılışında nitq söyləyib.
Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa tədbirdə çıxış ediblər.
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Prezident Sergio Mattarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Baş nazir xanım Tereza Meyin, İsmail Serageldin Roma Papası Fransiskin, Rumıniya Baş nazirinin müavini xanım Ana Birçall Baş nazir xanım Viorika Dançilanın, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai baş katib Antonio Quterreşin müraciətlərini oxuyublar.
Həmsədrlər Vayra Vike-Freyberqa və İsmail Serageldin qlobal layihələrin, təhsilin, elmin və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalını Mehriban Əliyevaya təqdim ediblər.
Yüksək mükafata görə təşəkkür edən Mehriban Əliyeva deyib:
- Hörmətli cənab Prezident.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hörmətli həmsədrləri.
Xanımlar və cənablar, əziz qonaqlar və dostlar.
Əvvəla, məni qızıl medala layiq gördüyünüz üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dərin təşəkkürümü bildirmək istəyirəm. Ali ümumbəşəri dəyərləri, bəşəri ideyaları, qarşılıqlı anlaşmanı və sülhü təşviq edən Mərkəzdən bu mükafatı almaq mənim üçün böyük şərəfdir.
Uzun əsrlər boyu Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin birlikdə sülh şəraitində yaşadığı diyar olub. Multikulturalizm və etnik zənginlik ənənələri bizim ən böyük sərvətimizdir. Biz adət-ənənələrimizi qoruyub saxlayırıq və dünyaya açığıq. Bu gün biz müasir Azərbaycandan, öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin təsirləndirici nailiyyətlərindən söhbət açdıq. Həyatını doğma Vətənimin inkişafına və çiçəklənməsinə həsr etmiş bir şəxs kimi mənim və xalqımız üçün parlaq nümunə olan Azərbaycan Respublikasının Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun, cənab Prezident. Mən Sizin komandanızın bir üzvü olmaqdan qürur duyuram.
Mən bu mükafatı Heydər Əliyev Fondu tərəfindən görülən işlərə verilmiş qiymət hesab edirəm. Mən 14 ildə birlikdə çalışdığımız, elm, təhsil, mədəniyyət və sosial sahələrdə bütün ideyalarımızı və layihələrimizi gerçəkləşdirməyə kömək edən hər bir insana “Çox sağ olun!” deyirəm. Nəhayət, mən bir daha Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin böyük səylərini qeyd etmək istəyirəm. Sizin fəaliyyətiniz sayəsində Mərkəz çox mühüm beynəlxalq platformaya çevrilib. Cənab Serageldin, sizin təcrübəniz, biliyiniz gənc nəsli dünyaya daha da açıq olmağa və üfüqlərini genişləndirmək üçün təhsil və bilik dəyərlərindən istifadə etməyə ilhamlandırır. Xanım Vike-Freyberqa, siz dünyada olan bir çox qadınlar üçün parlaq nümunəsiniz. Biz Azərbaycanda xalqlar və ölkələr arasında dialoqun qurulmasında fəaliyyətinizi və səylərinizi, məşhur Azərbaycan şairi Nizami Gəncəvinin irsinin təşviqinə verdiyiniz töhfələri yüksək qiymətləndiririk. Çox sağ olun, əziz xanım Vike-Freyberqa. Qeyd etməliyəm ki, siz çox cazibədar xanımsınız.
Yekunda mən bütün qonaqlarımızı salamlamaq və onlara Azərbaycana “Xoş gəlmisiniz!” demək istəyirəm. Ümid edirəm ki, bizim gözəl paytaxtımızın qonaqpərvərlik və dostluq ab-havasından həzz alacaqsınız. Çox sağ ol Nizami Gəncəvi Beynəlxalq Mərkəzi! Çox sağ ol Azərbaycan!