Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəmkir rayonuna səfər ediblər
01.11.2006Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib.
Prezident İlham Əliyev əvvəlcə Şəmkir şəhərində, ulu öndərin adını daşıyan prospektdə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyev burada salınmış Heydər Əliyev parkına baxıb, sakinlərin istirahəti üçün yaradılmış şəraiti, görülmüş abadlıq işlərini, prospekt boyu yaradılan səliqə-sahmanı yüksək qiymətləndirib.
XXX
Noyabrın 1-də Şəmkir şəhərində Heydər Əliyev muzeyinin açılışı olub.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və muzeylə tanış olub.
Ümumi sahəsi 567 kvadratmetr olan ikimərtəbəli binanın birinci mərtəbəsində linqafon kabineti, inzibati otaqlar və arxiv yerləşir. İkinci mərtəbədə isə iki ekspozisiya salonu və elektron kitabxana zalı vardır.
Heydər Əliyev Fondunun verdiyi tərtibat əsasında hazırlanmış ekspozisiyada ulu öndərin uşaqlıq və gənclik illərinə, milli təhlükəsizlik orqanlarında çalışdığı illərə, respublikamıza rəhbərliyinin hər iki dövrünə, Azərbaycanın yeni neft strategiyasının hazırlanması və həyata keçirilməsinə, ordu quruculuğu sahəsindəki fəaliyyətinə, xarici ölkələrə səfərlərinə aid fotoşəkillər, müxtəlif kitablar nümayiş etdirilir. Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı materiallar kompyuterlərin yaddaşına və disklərə yazılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə muzeydə rayonun ən fəal gəncləri, məktəbliləri üçün xüsusi kurslar da açılacaq.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəssam Afaq Kərimovanın üzərində ulu öndərin ayrı-ayrı sahələr üzrə tarixi xidmətlərini nümayiş etdirən “Heydər Əliyev və Azərbaycan xilaskarı” adlı rəsm əsərinə maraqla tamaşa ediblər, muzeyin ekspozisiyasına, o cümlədən əbədiyaşar Prezidentin 1972, 1979, 1998 və 2000-ci illərdə Şəmkirə səfərlərini və burada keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə, ümummilli liderin xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanmış büstünə baxıblar.
Prezident İlham Əliyev gənclərin bu cür muzeylərdən mərkəz kimi istifadə edərək, Heydər Əliyevin zəngin irsini öyrənməsinin əhəmiyyətli olduğunu bildirib.
Dövlətimizin başçısı muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
XXX
Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir şəhərində, Bakı-Qazax yolunun kənarında Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib.
Prezidentə Olimpiya İdman Kompleksi barədə ətraflı məlumat verilib. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulmuş bu kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, idman meydançası, su hovuzu, iki tennis kortu, 30 yerlik mehmanxana və 73 yerlik yeməkxana, 2 min tamaşaçı yeri olan futbol stadionu, maşınlar üçün dayanacaq və birmərtəbəli kotteclər daxildir. Tikintisi iki il ərzində başa çatacaq kompleksin layihəsini Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Azərinşaatlayihə” institutu verib.
Dövlətimizin başçısı “Bu kompleksin təməli 1 noyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur” sözləri yazılmış vərəqi imzalayaraq, kapsulun içərisinə qoyub. Kapsul obyektin bünövrəsinə qoyulub, dövlətimizin başçısı bünövrəyə ilk beton qarışığını töküb, tikintiyə xeyir-duasını verib.
Sonra təməlqoyma münasibətilə mərasim keçirilib. Azərbaycan Prezidenti mərasimdə nitq söyləyib.
XXX
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşüb hal-əhval tutub, onların qayğı və problemləri ilə maraqlanıb.
XXX
Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir-Qazax avtomobil yolunun açılış mərasimində iştirak edib.
İnşaatçılar, tikinti şirkətlərinin nümayəndələri və sakinlər dövlətimizin başçısını və xanımını səmimiyyətlə, gül-çiçəklə qarşılayıblar.
Avtomobil yolunun göstəriciləri barədə dövlətimizin başçısına məlumat verilib.
XXX
Noyabrın 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəmkir şəhərinin mərkəzində yerləşən və sakinlərin sevimli istirahət guşələrindən biri olan akademik Zərifə Əliyeva adına parka gəliblər. Burada görkəmli oftalmoloq alimin abidəsi də ucaldılıb. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoyublar.
XXX
Noyabrın 1-də Prezident İlham Əliyev “AtaHoldinq” şirkətlər qrupuna daxil olan “AtaSənaye” MMC-nin Şəmkir rayonunun Yeni Həyat kəndində yerləşən quşçuluq fabrikində olub.
Dövlətimizin başçısına müəssisə haqqında məlumat verilib.
Prezident İlham Əliyev müəssisənin istehsal sahələri, laboratoriyası ilə tanış olub, məhsulun satışı və keyfiyyəti ilə maraqlanıb.
Müəssisə ilə tanışlıqdan xatirə olaraq, dövlətimizin başçısına hədiyyələr təqdim edilib.
XXX
Prezident İlham Əliyev noyabrın 1-də, Şəmkirə səfərinin sonunda rayonun Füzuli qəsəbəsindəki şəhid İ.Əliyev adına orta məktəbə gəlib.
Məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını və xanımını böyük hörmətlə, gül-çiçəklə qarşılayıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrı-ayrı fənn kabinetlərinə, kompyuter və sinif otaqlarına baxıblar, yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir etdirilmiş məktəbdə iki növbədə 373 şagird təhsil alır. Kompyuterlər internetə qoşulub, istilik sistemi yenidən qurulub.
Bildirilib ki, məktəbdə uşaqların xarici dil öyrənməsi üçün müasir avadanlıq var. Dövlətimizin başçısı bunu müsbət qiymətləndirərək deyib ki, gərək uşaqlar ingilis, rus dillərini bilsinlər, başqa dillər də vacibdir.










