Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsən rayonuna səfər ediblər
31.10.2006Oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Daşkəsən rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun açılış mərasimində iştirak edib.
Ümumi uzunluğu 47 kilometr olan 3-cü texniki dərəcəli yolun örtüyü əsasən asfalt-betondur. Yolun yatağının eni 12 metr, hərəkət hissəsinin eni isə 7 metrdir. Yolboyu 10 körpü bərpa edilib və yenidən qurulub. Daşkəsən şəhərini respublikanın magistral yollar şəbəkəsi ilə birləşdirən bu yeganə yol Azərbaycan Prezidentinin 2006-cı il 13 iyul tarixli sərəncamına uyğun olaraq, qısa müddətdə əsaslı şəkildə təmir edilib. Layihənin ümumi dəyəri 21,3 milyon manatdır. İndiyə qədər 10,2 milyon manatlıq iş görülüb. Qalan 10,1 milyon manat isə əlavə işlərə və əsasən, dayaq divarlarının tikintisinə xərclənəcək. Yola 76 min ton asfalt-beton döşənib. Hərəkətin təhlükəsizliyi üçün 320-dən çox yol işarələri qoyulub, 800-dən çox siqnal dirəyi basdırılıb. Avtomobil yolu Xanlar rayonunun 5 kəndinin, Daşkəsən rayonunun 37 kəndinin əhalisinin gediş-gəlişini asanlaşdıracaq.
Dövlətimizin başçısı inşaatçılarla xatirə şəkli çəkdirib.
XXX
Oktyabrın 31-də Daşkəsən şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev heykəlin üzərindən ağ örtüyü götürüb. Postamentlə birlikdə abidənin hündürlüyü 6 metrdir. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyev burada salınmış Heydər Əliyev parkına da baxıb, burada sakinlərin istirahəti üçün yaradılmış şəraiti, görülmüş abadlıq işlərini yüksək qiymətləndirib.
XXX
Oktyabrın 31-də Daşkəsən şəhərində ümummilli lider Heydər Əliyev muzeyinin açılışı olub.
Prezident İlham Əliyev muzeylə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, burada ulu öndərin uşaqlıq, gənclik illərinə aid, milli təhlükəsizlik orqanlarında çalışdığı illərə, respublikamıza rəhbərliyinin hər iki dövrünə aid, rayonlara səfərlərini, zəhmətkeşlərlə görüşlərini, xarici ölkələrə səfərlərini, ölkəmizin sosial-iqtisadi sahədə dirçəlişini, Azərbaycanın yeni neft strategiyasının hazırlanması və həyata keçirilməsini, ordu quruculuğu sahəsindəki fəaliyyətini əks etdirən zəngin fotoşəkillər toplanıb. Muzeydə ulu öndərin büstü də qoyulub.
Prezident İlham Əliyev muzeyin ayrı-ayrı guşələrinə baxıb. Daşkəsən rayonunun tarixi, sosial-iqtisadi göstəriciləri ilə bağlı məlumatlar, rayon ərazisindəki faydalı qazıntıların nümunələri də böyük maraq doğurub.
Dövlətimizin başçısı muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb:
“Heydər Əliyev muzeyi”nin eksponatları və muzeydə nümayiş etdirilən fotoşəkillər ulu öndərin həyat və fəaliyyətini əks etdirir. Muzeyin xarici görünüşü və daxili tərtibatı yüksək standartlara cavab verir. Müstəqil Azərbaycanın inkişafında Heydər Əliyevin müstəsna və əvəzolunmaz rolu olmuşdur. Bu gün onun siyasi kursu uğurla davam etdirilir.
Daşkəsən rayonunun sürətli inkişafı bunun əyani sübutudur. Daşkəsən rayonunun inkişafına çox böyük diqqət göstərilir. Xüsusi sərəncam imzalanmışdır və uğurla icra edilir. Abadlıq işləri geniş vüsət almışdır. Bütün daşkəsənlilərə yeni uğurlar və qələbələr arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
31 oktyabr 2006-cı il”.
XXX
Oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Daşkəsən şəhərində şəhid Anar Mürsəlov adına 2 nömrəli orta məktəblə tanış olub.
Məlumat verilib ki, 500 şagirdin təhsil aldığı məktəbin üçmərtəbəli binası Təhsil Nazirliyi tərəfindən yüksək səviyyədə təmir olunub.
Prezident İlham Əliyev ayrı-ayrı siniflərə, kompyuter otağına baş çəkib. Gənclərin müasir texnologiyalardan istifadə etməsinin, məktəblərin kompyuterləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Sakinlər Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı səmimiyyətlə salamlayıblar, Daşkəsənə göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər.
XXX
Oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev “Daşkəsən Filizsaflaşdırma” Açıq Tipli Səhmdar Cəmiyyətində olub.
Azərbaycan Prezidenti əvvəlcə bu böyük ASC-nin “Daşkəsən” və “Gəncə” layihələri, gələcəkdə yaradılacaq zavodların planları ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, investisiya proqramına əsasən, gələcəkdə bu layihələr üzrə yeni zavodlar yaradılacaq və bunun nəticəsində minlərlə yeni iş yeri açılacaq. Ümumilikdə 235 milyon dollar həcmində sərmayə qoyulacaq və bütün işlər yeni texnologiya əsasında görüləcək. Dünyada ABŞ-dan sonra bu tipli ikinci müəssisə Azərbaycanda olacaq. Hazır məhsul Qazaxıstana və digər ölkələrə də göndəriləcək.
Prezident İlham Əliyev “Daşkəsən Filizsaflaşdırma” ASC-nin yeni yatağının istifadəsinə başlanmasını bildirən düyməni basıb. Daha sonra isə növbəti düyməni basmaqla, dəmir filizinin daşındığı kanat yolunu işə salıb.
Sonra təntənəli mərasim keçirilib.
XXX
Oktyabrın 31-də Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binası istifadəyə verilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanı burada böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşılayıblar.
Dövlətimizin başçısına məlumat verilib ki, 12 mənzildən ibarət üçmərtəbəli binanın iki mərtəbəsi Nazirlər Kabinetinin, bir mərtəbəsi isə Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilib. Birinci-ikinci mərtəbələrdəki 8 mənzil aidiyyəti üzrə paylanır. Üçüncü mərtəbədəki 4 mənzil isə internat məktəbində böyümüş gənclər ailə qurduqdan sonra onlara veriləcək.
Prezident İlham Əliyev ayrı-ayrı mənzillərə baxaraq, burada yaradılan şəraitlə yaxından tanış olub və görülən işləri yüksək qiymətləndirib. Respublikamızın rəhbəri adından hər mənzilə televizor hədiyyə edilib.
Sonra dövlətimizin başçısı mənzillərin orderlərini sahiblərinə təqdim edib.
Prezident İlham Əliyev yeni mənzillərin sahiblərini bir daha təbrik edib.