Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərinə səfər ediblər

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qədim Gəncə şəhərinə gəlib.

Yeni tikilmiş Gəncə beynəlxalq hava limanında dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşılayıblar.

Sonra Prezident İlham Əliyev Gəncə beynəlxalq hava limanının təntənəli açılış mərasimində iştirak edib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, Gəncənin beynəlxalq hava limanının müasir standartlar səviyyəsində yenidən qurulması layihəsinin dəyəri 39,5 milyon dollardır. Yenidənqurma işlərində 1500 nəfər çalışıb. Sovet dövründə qurulmuş bütün avadanlıq tamamilə yeniləşdirilib. Uzunluğu 3300 metr olan yeni uçuş-enmə zolağı ağır tipli təyyarələri qəbul etməyə imkan verəcək. Burada sərnişinlərin rahatlığı üçün də hər cür şərait yaradılıb. A-319 aerobusları və AN-140 təyyarələri ilə Moskvaya, Sankt-Peterburqa, Kiyevə, Bakıya, Naxçıvana, Təbrizə, Qarsa, Rostova, Volqoqrada və Mineralnıye-Vodı şəhərlərinə uçuşların təşkili nəzərdə tutulub. Zəruri hallarda İl-76 və AN-12 təyyarələri ilə yükdaşımalar da həyata keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən xarici aviaşirkətlərə Gəncə hava limanından müxtəlif reyslər təklif olunacaq. Buradan həm də Avropa və Asiyaya uçuşları həyata keçirən Azərbaycanın və xarici dövlətlərin aviaşirkətlərinin təyyarələri üçün tranzit ehtiyat hava limanı kimi də istifadə ediləcək. Hava limanında 200 yeni iş yeri yaradılıb.

XXX

Oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunun açılış mərasimində iştirak edib.

Tikintisini “Azərsun Holding” şirkətinin maliyyələşdirdiyi hovuz uzunluğu 25 metr, eni 15 metr, dərinliyi isə 2 metr olan qapalı idman qurğusudur. Tamaşaçılar üçün 150 nəfərlik oturacaq quraşdırılıb. Burada beynəlxalq səviyyəli yarışların da keçirilməsi mümkündür. Kompleksin genişləndirilməsi Azərbaycan Milli Olimpiya Komitəsinin regionlarda idmanın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin bir hissəsidir.

Prezident İlham Əliyev idman qurğusunun yardımçı otaqları, gimnastika salonu ilə də tanış olub.

Dövlətimizin başçısı kompleksin ətrafındakı 150 nəfərlik tribunaları olan voleybol və basketbol meydançalarına da baxıb, Olimpiya kompleksinin ətrafını gəzib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

XXX

Oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib.

Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoyublar.

Sonra Prezident İlham Əliyev mərkəzi meydanda aparılan yenidənqurma, tikinti-quruculuq işləri ilə tanış olub, burada quraşdırılmış gözoxşayan, musiqili, rəngli fəvvarəni seyr edib.

Prezident İlham Əliyev Gəncə sakinlərinin istirahəti üçün yaradılmış parkı gəzib, buradakı bulaq kompleksinin yenidən qurulub müasir görkəmə salınması barədə tövsiyələrini verib.

XXX

Oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə “Jardin Royal” şokolad fabrikinin açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısına məlumat verilib ki, əsasən Fransa texnologiyası əsasında işləyən bu müəssisədə 120-yə yaxın adam çalışır, əməkhaqqı 100 manatdan 500 manatadəkdir. Fabrikdə 20-dən çox çeşiddə məhsul istehsal olunur. Yerli tələbatı ödəməklə yanaşı, məhsullar xarici bazara da çıxarılır. Gələcəkdə fabrikin genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev istehsal prosesi ilə yaxından tanış olub, müasir avadanlığın işi ilə maraqlanıb və yüksək səviyyəli müəssisənin fəaliyyətindən razılığını söyləyib. Dövlətimizin başçısı belə müasir müəssisələrin regionlarda sosial-iqtisadi inkişafa müsbət təsir göstərdiyini bildirib.

Prezident İlham Əliyev müəssisənin müasir standartlara uyğun yeməkxanası ilə də tanış olub. Bildirilib ki, burada işçilər pulsuz nahar edirlər.

Dövlətimizin başçısına xatirə olaraq, fabrikin fəaliyyətinə dair videodisk hədiyyə edilib.