Müqəddəs Mələksima Knyaginya Olqa ordeninin təqdim edilməsi mərasimi
26.12.2017Dekabrın 26-da Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeninin təqdim edilməsi mərasimi keçirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib:
- Sağ olun, Zati-müqəddəsləri. Belə fəxri mükafata və fəaliyyətimi bu cür yüksək qiymətləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Bu ordeni mənə Siz təqdim etdiyinizə görə xüsusi fərəh duyuram. Sizə səmimi qəlbdən təşəkkür edirəm, Sizə və Sizin yüksək missiyanıza sonsuz hörmətimi ifadə edirəm. Siz insanlara dini və mənəvi, düzgünlük və ədalət, humanizm və şəfqət, yaxşılıq etmək, adamlara kömək göstərmək kimi fundamental bəşəri dəyərləri çatdırırsınız. Biz Azərbaycanda Sizin ölkəmizə səfərinizi çox yaxşı xatırlayırıq. Biz Sizin mədəni və mənəvi irsin qorunmasındakı xidmətlərinizi, cəmiyyətdə qarşılıqlı anlaşmanın, qarşılıqlı hörmətin və həmrəyliyin bərqərar olmasına yönələn fəal sülhpərvər və maarifçilik fəaliyyətinizi yüksək qiymətləndiririk. Paytaxtımıza son səfəriniz zamanı Siz Təzəpir məscidini ziyarət etdiniz və Bakıdakı Müqəddəs Mirodaşıyan kafedral kilsəsində ibadət etdiniz. Bununla da Siz bir daha vurğuladınız ki, istənilən etiqad, istənilən din insanları birləşdirməyə və barışdırmağa xidmət edir.
Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar. Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər, rus pravoslav icmasına da bütünlüklə aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 mindən çoxdur.
Son illər Azərbaycan dünyada tanınmış millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən birinə çevrilib. Ölkəmizin paytaxtında müntəzəm surətdə qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə nail olmağa yönəlmiş nüfuzlu beynəlxalq forumlar keçirilir. 2010-cu ildə bizim Vətənimizin paytaxtında Sizin də fəal iştirakınızla Dünya Dini Liderlərinin Ümumdünya Sammiti keçirildi. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu baş tutdu. Bu il dekabrın 21-də “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr edilmiş konfrans keçirildi və bu konfransın mövzusu yenə də xalqlar arasında, müxtəlif dinlərin nümayəndələri arasında dialoqun qurulması idi. Fürsətdən istifadə edib, bu konfransa göndərdiyiniz məktuba və Rus Pravoslav Kilsəsinin yüksək səviyyədə təmsil olunmasına görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.
Biz öz köklərinə, öz ənənələrinə, öz tarixinə çox hörmət edən ölkəyik. Lakin bununla bərabər, Azərbaycan dünyaya açıq ölkədir. Biz başqa dövlətlərlə, başqa ölkələrlə dostluq münasibətləri qurmaq istəyirik və bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur. Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və əlbəttə ki, bizim humanitar sahədə əməkdaşlığımız bu tərəfdaşlığın çox mühüm hissəsidir. Bizim çox böyük ortaq mədəni irsimiz var və humanitar sahədə əməkdaşlığımız hələ Azərbaycan və Rusiya eyni dövlətin hissələri olduğu illərdə formalaşıb. Çox sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra bu potensialı nəinki itirməyib, hətta əksinə, çoxaldıb. Bu gün Azərbaycanda böyük rus ədəbiyyatına və mədəniyyətinə tükənməz maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb. Bizim ölkəmizdə təhsil prosesinin tamamilə rus dilində olduğu 300 məktəb, hətta 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı, Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filiallarının açılması meyli yaranıb – bizdə Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Bu, bizim uğurlu əməkdaşlığımızın daha bir nümunəsidir.
Həştərxan vilayəti ilə bizim çox səmimi dostluq münasibətlərimiz var. Bu vilayət bizim dostumuz, qonşumuzdur və burada uğurlu əməkdaşlıq nümunələri çoxdur. 2013-cü ildə Müqəddəs Mələksima Knyaz Vladimirə abidə ucaldılması, bu abidənin açılışı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu abidənin yaradılması üzərində Azərbaycanın ən yaxşı rəssamları və memarları çalışıb. Onlar bir il ərzində bizim Rus Pravoslav Kilsəsinə dərin hörmət və ehtiramımızı ifadə edən möhtəşəm monument yaratdılar.
Zati-Müqəddəsləri, səmimiyyətinizə, mehribanlığınıza görə Sizə bir daha ürəkdən təşəkkür etmək, öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sizə səmimi salamını və ölkəmizə yenidən səfər etməyə dəvətini çatdırmaq istəyirəm. Sizə əmin-amanlıq, firavanlıq, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Çox sağ olun.