Birinci vitse-prezident Mehriban Əliyevaya Moskvada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib

Dekabrın 26-da Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyevanı Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə bu ordenlə təltif edib.

Əvvəlcə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Birinci vitse-prezident Mehriban Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunması haqqında Fərmanı oxunub.

Sonra Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Birinci vitse-prezident Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenini təqdim edib.

Patriarx Kirill mərasimdə çıxış edib:

- Mən Sizə gördüyünüz işlərə görə səmimi qəlbdən təşəkkür etmək istərdim. Siz ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi Siz vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz. Bu gün Sizə Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyə və Həştərxan şəhərinin həyatında xüsusi iştirakınıza görə mükafat təqdim edilib. Həştərxana səfər edəndə mənə bir çox işlər barədə danışdılar. Amma yəqin ki, ən çox Sizin haqqınızda və bu şəhər üçün gördüyünüz bir çox işlər barədə danışdılar. Məhz buna görə Həştərxanda olarkən mən Sizi Rus Pravoslav Kilsəsinin Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülməyiniz barədə qərar qəbul etdim. Knyaginya Olqa Rusiyanı xristianlaşdıran və vahid rus dövlətinin qurulmasında həlledici rol oynayan Knyaz Vladimirin nənəsi olub.

Mən Sizə təşəkkürümü bildirərək Tanrıdan işlərinizə kömək, Sizə və möhtərəm həyat yoldaşınıza möhkəm cansağlığı, siyasi və peşəkar fəaliyyətinizdə uğurlar, bütün Azərbaycan xalqına firavanlıq diləmək istərdim. Bu görüşümüzə, Sizə öz ehtiramımı, minnətdarlığımı bildirmək və bu yüksək mükafatı təqdim etmək imkanına görə ürəkdən şadam.

Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.

Patriarx Kirill: Çox sağ olun. Bu səmimi və çox düzgün, gərəkli, dəyərli informasiya ilə dolu sözlərinizə görə Sizə təşəkkür edirəm.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun.

xxx

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xilaskar İsa Məbədi ilə tanış olublar. Bu məbəd Rus Pravoslav Kilsəsinin baş məbədidir. XIX əsrdə inşa edilmiş məbəd ötən əsrin 90-cı illərində yenidən bərpa olunub. Hazırda məbəddə Rusiya üçün dini baxımdan əhəmiyyətli tədbirlər keçirilir.

Xatırladaq ki, 1988-ci ildə Rusiyada xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar təsis olunan Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.