Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib

Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyeva müşavirədə çıxış edib.

Müşavirədə indiyə qədər qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə qısa təqdimat olub. Təqdimatdan da göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan iqtisadiyyatına 800 milyard dollardan çox ziyan dəyib. Ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində münaqişə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.

Mehriban Əliyeva dedi:

- Gördüyümüz bu təqdimat bir daha sübut edir ki, qaçqınlara və məcburi köçkünlərə qayğı Azərbaycan dövlətinin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilib. Amma, eyni zamanda, əfsuslar olsun ki, bu sahədə hələ də problemlər var. Ona görə bizim qarşımızda məqsəd durur ki, çox qısa zamanda bu problemləri aradan qaldıraq və yararsız vəziyyətdə olan bütün təhlükəli binalarda yaşayan soydaşlarımızı yeni mənzillərlə təmin edək.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müşavirədə çıxış ediblər.

XXX

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun Hacıbala müəllim. Siz qeyd etdiniz ki, Bakı şəhəri üzrə 217 min 118 nəfər qaçqın və məcburi köçkün məskunlaşıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov: Qeydiyyatda olanlar 195 min 118 nəfər, qeydiyyatda olmayanlar 22 min nəfərdir - bir yerdə 217 min 118 nəfər.

Birinci vitse-prezident Mehriban Əliyeva: Dediniz ki, onlardan 8666-sı məktəb və uşaq bağçalarında yerləşib. Bu gün neçə ailə, neçə məcburi köçkün ən qəzalı, ən təhlükəli binalarda yaşayır?

Baş nazirin müavini Əli Həsənov: Bakı şəhəri üzrə qəzalı vəziyyətdə olan 117 binada 7870 ailə məskunlaşıb. Sumqayıt şəhərində qəzalı vəziyyətdə olan 5 binada isə 354 ailə yaşayır. Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən respublika üzrə 52 bina qəzalı vəziyyətdədir. Onlardan 44-ü Bakı şəhərindədir və burada 4 min ailə məskunlaşıb. Yəni, 44 bina və 4 min ailə hər an təhlükə ilə üzləşə bilər. Vəziyyət belədir.

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu rəqəm 4 min köçkün ailəsi barədədir?

Baş nazirin müavini Əli Həsənov: Bəli, 4 min ailə, 16 min nəfər. Biz onları da növbəyə salmışıq. İlk növbədə nəzərə almışıq ki, hansılar dözülməz vəziyyətdədir. Bu siyahını Fonda təqdim etmişik.

Birinci vitse-prezident Mehriban Əliyeva: Təşəkkür edirəm.

Baş nazirin müavini Əli Həsənov: Sağ olun.

XXX

Birinci vitse-prezident Mehriban Əliyeva müşavirəyə yekun vurub.