Bolqarıstanda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı olub
22.09.2016Sentyabrın 22-də Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Bolqarıstanın Baş naziri Boyko Borisov, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi şəxslər Mehriban Əliyevanı və Leyla Əliyevanı qarşılayıblar.
Əvvəlcə burada xatirə lövhəsinin açılışı olub.
“Bu tədbirdə iştirak etmək mənim üçün şərəfdir”, - deyən Veliko Tırnovo şəhərinin meri Daniel Panov sakinlər adından Mehriban Əliyevaya bu layihəyə görə minnətdarlığını bildirib. “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun tarixindən danışan mer bildirib ki, bu qədim abidənin bərpa edilməsi bolqar xalqının uzun illərdən bəri arzusu olub və bu arzunu Heydər Əliyev Fondu gerçəkləşdirib. Mer bu nəcib missiyanın həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirib. O, Mehriban Əliyevaya, Leyla Əliyevaya və Bolqarıstanın Baş nazirinə xatirə hədiyyələri təqdim edib.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin uzun illərdir dostluq şəraitində inkişaf etdiyini deyən Bolqarıstanın Baş naziri Boyko Borisov abidənin bərpa edilməsinə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib. Baş nazir bu hadisəni ölkələrimiz arasında möhkəm dostluq körpüsü adlandırıb. Boyko Borisov Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş qədim mədəniyyət abidəsinin Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına xidmət edəcəyini vurğulayıb. O, həmçinin Mehriban Əliyevanın “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi uğurlu fəaliyyətindən də danışıb.
Sonra mərasim iştirakçıları qoruğun ərazisində yaradılan Mədəni İrs Mərkəzi ilə tanış olublar.
Mərkəzdə Veliko Tırnovo və “Trapezitsa”nın, həmçinin İkinci Bolqar Xanlığının tarixi və burada aparılan arxeoloji tədqiqatlar barədə məlumatlar verilir, eləcə də orta əsrlərə aid müxtəlif eksponatlar sərgilənir. Tırnov şəhəri İkinci Bolqar dövlətinin məşhur paytaxtı, XII əsrin sonundan XIV əsrin sonunadək Avropanın dövlətçilik, mənəvi və mədəni mərkəzi olub.
Sonra Heydər Əliyev Fondunun “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası layihəsinə həsr olunan, Azərbaycan və bolqar dillərində buraxılan poçt markaları təqdim edilib.
Təqdimat mərasimindən sonra poçt markalarının xatirə nüsxələrinin imzalanması mərasimi keçirilib.
Qeyd edək ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş 2015-ci il mayın 27-də Sofiyada imzalanıb. Sazişə əsasən, Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib.
Qoruğun ərazisində bərpa edilən tarixi kilsələrlə tanışlıq zamanı bildirilib ki, XIII və XIV əsrlərə aid bu kilsələr nəinki qoruğun, eləcə də Bolqarıstanın tarixi dini abidələrindən hesab edilir.
Bolqarıstan və Şərqi Avropada tarixi turizm mərkəzlərindən biri olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda konservasiya və bərpa işləri 10 ay davam edib. Qoruq bolqar xalqının zəngin mədəni dəyərlərini əks etdirir.