Mehriban Əliyeva Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının açılış mərasimində iştirak edib
23.02.2016Fevralın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Əvvəlcə Mehriban Əliyeva Romadakı Massimo Sarayına gələrək burada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı təqdimatda iştirak edib.
Muzeyin direktoru Rita Paris Mehriban Əliyevanı və digər qonaqları salamlayıb.
Professor Fabrizio Biskonti Roma katakombalarının bərpasına göstərdiyi diqqətə görə Mehriban Əliyevaya xüsusi minnətdarlığını bildirib. O, katakombaların tarixi barədə məlumat verərək onların bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb və bərpa işlərindən sonra əldə edilən nəticələrin möhtəşəm olduğunu deyib. “Heydər Əliyev Fondunun dəstəyi ilə biz tarixi məkanı qoruya bildik”, - deyən F. Biskonti iştirakçılara katakombalardakı freskaların mövzusu barədə də məlumat verib.
Sonra katakombaların bərpasından bəhs edən filmin nümayişi olub. Filmdə bərpa işlərinin gedişi və onun texniki-yaradıcı tərəfləri barədə geniş məlumat verilib, Heydər Əliyev Fonduna dünya mədəni irsinin qorunmasında, həmçinin katakombaların bərpasındakı xidmətlərinə görə minnətdarlıq ifadə olunub.
Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi Müqəddəs Marçellinio və Pietro katakombalarının dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olduğunu vurğulayıb. Müsəlman ölkəsi olan Azərbaycanın Heydər Əliyev Fondu isə bu mənəvi dəyərin yaşamasına böyük dəstək verdi. Məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət etdiyini, lakin müsbət cavab almadığını deyən kardinal Ravazi yalnız Heydər Əliyev Fondunun bu çağırışa cavab verdiyini diqqətə çatdırıb.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Təqdimat mərasimindən sonra Mehriban Əliyeva Massimo Sarayı muzeyində saxlanılan şah əsərlərlə tanış olub. İtaliya paytaxtının ən məşhur muzeylərindən biri olan Massimo Sarayında klassik dünya incəsənətinin kolleksiyaları toplanıb. Muzeydə qədim Roma mədəniyyətinin eramızdan əvvəl II əsrindən eramızın V əsrinədək olan dövrünə aid heykəltəraşlıq nümunələri, freskalar, mozaikalar, sikkələr və müxtəlif qızıl işləmələr qorunur. Muzeyin önəmi burada tarix, mifologiya və qədim Romanın gündəlik həyatını eyni vaxtda vəhdətdə görməyin mümkünlüyüdür. Eyni zamanda, qədim yunan heykəlləri, respublika və imperiya dövrünə aid portretlər, Augusto Pontefice Massimonun heykəli də muzeyin qiymətli inciləri sırasındadır. Birinci mərtəbədə heykəltəraşlığın şah əsərləri nümayiş olunur. Freska və mozaikaların üstünlük təşkil etdiyi divarlar, varlı Roma malikanələrinin ev dizaynını əks etdirən əsərlər isə ikinci mərtəbədədir. Burada geniş sikkə kolleksiyası, həmin dövrə aid mebellər və ləl-cavahiratlar da qorunur.
Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra girişdə katakombaların Heydər Əliyev Fondu tərəfindən bərpa olunmasının əks olunduğu lövhənin üzərindən ağ örtük götürülüb.
Katakombalarla tanışlıq zamanı bildirilib ki, 2012-ci ildən etibarən həyata keçirilən bərpa işləri ən yüksək səviyyədə icra olunub. Bərpa zamanı innovativ metodlardan, müasir texnologiyalardan istifadə edilib.
Xatırladaq ki, müqəddəs Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilir. İtaliya mətbuatı və ictimaiyyəti tərəfindən Fondun bu addımı dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən önəmli töhfələrdən biri kimi qiymətləndirilir.
Sonda mərasimə gələnlər və kardinal Ravazi bir daha Mehriban Əliyevaya bu xeyirxah fəaliyyətinə görə minnətdarlıq ediblər.