Almaniyaya səfər
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı il fevralın 13-də Almaniya Federativ Respublikasında səfərdə olub.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iqlim və enerji təhlükəsizliyi mövzusunda panel-müzakirə
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib.
Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak ediblər.
Dövlətimizin başçısı İlham Əliyev tədbirdə çıxış edib və sualları cavablandırıb.
Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç, ABŞ Senatının ətraf mühit və ictimai işlər komitəsinin üzvü Şeldon Uaythaus, “Allianze SE” şirkətinin baş icraçı direktoru, Münxen Təhlükəsizlik Konfransının Məşvərət Şurasının üzvü Oliver Bate və “Green Peace International” təşkilatının sabiq icraçı direktoru Kumi Naydoo panel-müzakirədə enerji təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüblər.
Sonra müzakirələr aparılıb.
Münxen Konfransında dünya nizamı ilə bağlı vəziyyətin müzakirə olunduğu tədbir
Fevralın 13-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra mövzularda müzakirələr aparılıb.
Tədbirlərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Mehriban Əliyeva konfransın “Hədsiz böhranlar, dünya nizamını pozanlar, köməksiz müdafiəçilər: dünya nizamının vəziyyəti” mövzusunda müzakirələrin aparıldığı tədbirdə iştirak edib.
NATO-nun baş katibi Yens Stoltenberqin, Rusiyanın Baş naziri Dmitri Medvedevin, Fransanın Baş naziri Manuel Valsın, Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerin, ABŞ-ın dövlət katibi Con Kerrinin, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin və digər nüfuzlu şəxslərin iştirak etdikləri tədbirdə əsasən beynəlxalq təhlükəsizliyə yönələn təhdidlərin qarşısının alınması, dünyadakı münaqişə ocaqlarındakı vəziyyət və bu təhlükələrdən xilas yolları müzakirə olunub.
Leyla Əliyeva isə Münxen Təhlükəsizlik Konfransının gənc liderləri sırasında müzakirələrin gedişini izləyib.
13 fevral 2016-cı il










