Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak ediblər

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və artıq bina istismara hazırdır. Binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılıb. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub.

Prezident İlham Əliyev yeni binanın sakinləri ilə görüşüb.

Dövlətimizin başçısı mənzillərin orderlərini sakinlərə təqdim edib.

Sonra xatirə şəkli çəkdirilib.

Dövlətimizin başçısı və xanımı mənzillərdə yaradılan şəraitlə tanış olublar. Binadakı 132 mənzildən 22-si üç, 44-ü iki, 66-sı isə bir otaqlıdır. Burada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

XXX

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və 8 saylı tibbi sosial ekspert komissiyasının yeni inzibati binasının açılışında iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tibbi-Sosial Ekspert komissiyalarında əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər aparılır. Artıq nazirliyin bütün ekspert komissiyaları müasir iş şəraiti və tibbi avadanlıqla, müayinə cihazları ilə təmin olunublar. Burada da komissiyanın normal fəaliyyət göstərməsi üçün hər cür şərait var. Bina ekspertiza cihazları, məişət avadanlığı ilə tam təmin olunub. Yeni binada yaradılan şərait əlillik müayinələrinin aparılmasına, eləcə də müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə xidmət edir. Bu isə əlillik təyinatı prosesində şəffaflığın təmin olunmasına, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsinə imkan yaradacaq.

Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi də müasir texniki avadanlıqla təchiz olunub. Mərkəzdə vətəndaşların müraciətlərinə baxılması üçün zəruri şərait var. Bu da müraciətlərə baxılmasında şəffaf iş rejiminin təmin olunmasına xidmət edir.

Prezident İlham Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi - VEMTAS üzrə görülən işlərlə bağlı da məlumat verilib. Yeni sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq. Ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması islahat tədbirlərinin əsasını təşkil edib. Bununla əlaqədar müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılıb. Belə ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək. Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün lazımi arayış və məlumatlar artıq onlardan yox, müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq. Sonra əhalinin sosial müdafiəsi mərkəzləri həmin ailələrin maddi-məişət şəraitinin müayinəsini aparacaq və nəticələrin VEMTAS-a ötürülməsini təmin edəcək. Məhz bundan sonra müraciət edən ailəyə yardımın təyin olunması ilə bağlı qərar qəbul ediləcək.

Respublika Gözdən Əlillər Cəmiyyəti də bu binada fəaliyyət göstərəcək. Zirzəmi hissəsi Cəmiyyətin istehsalat sahəsi üçün nəzərdə tutulub. Binanın aşağı mərtəbələrində isə gözdən əlillərin asudə vaxtlarda mənalı istirahəti, habelə onlarla bağlı ictimai-mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb, ətrafda abadlıq işləri aparılıb.