Rusiyaya səfər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2006-cı il oktyabrın 25-də Rusiyada səfərdə olub.

Moskvada SSRİ Xalq Artisti Qalina Vişnevskayanın yubileyi

Oktyabrın 25-də Moskvada tanınmış opera müğənnisi, SSRİ Xalq Artisti, məşhur musiqiçi Mstislav Rastropoviçin həyat yoldaşı Qalina Vişnevskayanın yubileyi qeyd olunub. Mehriban Əliyeva yubiley mərasimində iştirak edib.

Yubiley mərasimi çərçivəsində Pyotr Çaykovski adına kinokonsert zalında Qalina Vişnevskayanın Opera İfaçılıq Mərkəzi və Dövlət Akademik Filarmoniyasının yubilyarın şərəfinə təşkil etdikləri “Vişnevskaya, vivat!” adlı qala-konsert keçirilib.

Qala-konsertdə tanınmış incəsənət ustalarının ifasında məşhur opera ariyaları səslənib, balet əsərlərindən parçalar, sonra isə yubilyarın yaradıcılıq dövrlərini əks etdirən qısa retrospektiv film göstərilib.

Qalina Vişnevskayanın şərəfinə ziyafət

Oktyabrın 25-də “Metropol” otelində Qalina Vişnevskayanın şərəfinə ziyafət verilib.

Mehriban Əliyeva ziyafətdə iştirak edib, yubilyara təbriklərini çatdırıb.

Ziyafətə Rusiyanın və bir sıra xarici ölkələrin ictimai və siyasi xadimləri, ziyalılar, incəsənət ustaları və diplomatik korpus nümayəndələri qatılıblar.

25 oktyabr 2006-cı il