Prezident İlham Əliyev və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12.12.2005Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin vəfatından iki il keçir. İki ildir ki, ulu öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir.
Dekabrın 12-də - xalqımızın dahi oğlunun əbədiyyətə qovuşmasının ikinci ildönümü günü paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, idarə, müsəssisə və təşkilatların kollektivləri, eləcə də xarici ölkələrdən gəlmiş çoxsaylı qonaqlar sübh tezdən Fəxri xiyabanı ziyarət edərək, Azərbaycanın dahi oğlunun xatirəsini dərin ehtiramla anır, burada ucaldılmış əzəmətli abidə kompleksinin önünə əklillər, gül dəstələri qoyur, görkəmli şəxsiyyətə Allah-təaladan rəhmət diləyirdilər.
Azərbaycanın tarixinin son qərinəsində xalqımızın həyatının bütün sahələrində nail olduğu uğurlar görkəmli siyasi xadim, qüdrətli dövlət rəhbəri Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-ci illərinin əvvəlində dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi də məhz bu dahi şəxsiyyət təlatümlər burulğanından xilas edərək, möhkəm ictimai-siyasi sabitlik yaratmış və Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarmışdır.
Heydər Əliyev müstəqil Azərbaycanın təkcə region ölkələri ilə deyil, həm də dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərinin qurulması strategiyasını işləyib hazırlamış, ölkəmizin aparıcı rol oynadığı regional və beynəlxalq layihələrin təməlini qoymuşdur. Məhz bunun sayəsində dünyanın ən aparıcı ölkələri ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, ölkəmiz qlobal layihələrin həyata keçirildiyi iqtisadi məkana çevrilmişdir. Artıq dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi, iqtisadi və sosial inkişaf xəttini hazırda Prezident İlham Əliyev inamla və qətiyyətlə davam etdirir.
Tarixə qızıl hərflərlə yazılmış bu həqiqətləri daim qəlbində yaşadan Azərbaycan xalqı qüdrətli dövlət xadiminin misilsiz xidmətlərini sonsuz minnətdarlıq hissi ilə dilə gətirir, dünya şöhrətli müdrik oğlu Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur, ulu Tanrıdan ona rəhmət diləyir, qəbri nurla dolsun deyir.
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun ailə üzvləri Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.
Fəxri xiyabanda fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoydu.
Azərbaycanın dövlət himni səsləndi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə ümummilli liderimizin ruhuna dua oxudu.
Azərbaycan Prezidentinin ailə üzvləri, mərhumun yaxınları məzarın önünə gül dəstələri düzdülər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış ictimai-siyasi xadim Əziz Əliyevin və əməkdar elm xadimi, professor Tamerlan Əliyevin də məzarlarını ziyarət edərək gül qoydular.
Milli Məclisin, Nazirlər Kabinetinin, Prezidentin İcra Aparatının rəhbərləri, parlamentin deputatları, nazirlər, komitə sədrləri, şirkət, konsern və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri, dini konfessiyaların rəhbərləri ulu öndərin məzarını ziyarət etdilər.