Mehriban Əliyeva Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin illik iclasından sonra jurnalistlərə müsahibə verib
04.03.2005Martın 3-4-də Parisdə keçirilən UNESCO-nun xoşməramlı səfirlərinin illik iclası başa çatdıqdan sonra Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyeva jurnalistlərin suallarına cavab vermişdir.
Sual: Mehriban xanım, bu, xoşməramlı səfirlərin illik iclasında Sizin ilk iştirakınız idi. İclas və həmkarlarınızla birgə iş prosesi barədə nə deyə bilərsiniz?
Cavab: Hesab edirəm ki, iclas yüksək səviyyədə keçdi. İclas çərçivəsində ümumi görüşlərlə bərabər, şəxsi görüşlərim də oldu. Cənab baş direktorla da görüşdüm. UNESCO-nun baş direktoru Bakıya dəvətimi qəbul etdi və bu il ərzində ölkəmizə səfər edəcəyinə söz verdi. Bütün xoşməramlı səfirləri də Bakıya dəvət etdim. Ölkəmizlə bağlı həqiqətləri öyrənmək baxımından Azərbaycanda belə görüşlərin keçirilməsi çox faydalı ola bilər, ümumi işimizə xeyir verər.
Görüşlərim zamanı həyata keçirdiyimiz və nəzərdə tutduğumuz proqramlar barədə məlumat verdim, müxtəlif danışıqlar apardım. Mənə belə gəlir ki, görüşlərimiz çox faydalı oldu.
Sual: Azərbaycan vətəndaşının ilk dəfə xoşməramlı səfir seçilməsi ölkəmizin tarixində mühüm hadisədir və UNESCO kimi nüfuzlu bir təşkilat tərəfindən respublikamıza göstərilən yüksək etimaddır. Bu qurumla Azərbaycan arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi sahəsində gələcək fəaliyyətinizi necə təsəvvür edirsiniz?
Cavab: Mən çıxışımda Azərbaycanla UNESCO arasında çox sıx, çox yaxşı əlaqələr olduğunu bildirdim. Bir neçə layihəmiz vardır ki, onları UNESCO ilə birlikdə həyata keçiririk. Məsələn, hazırda üzərində işlədiyimiz muğama həsr olunmuş layihələrin təqdimatı məhz Bakıda olmuşdur. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bundan əlavə, elə layihələrimiz də vardır ki, onların həyata keçməsi üçün UNESCO ilə birlikdə iş aparırıq. Hesab edirəm ki, əlaqələrimiz yaxşı istiqamətdə davam edir və gələcəkdə daha sıx olacaqdır. Belə əlaqələr Azərbaycan üçün daha vacib və daha faydalıdır.
Sual: İşğal olunmuş Azərbaycan ərazilərində mədəni abidələrin dağıdılması məsələsinin UNESCO-da müzakirə olunması mümkündürmü?
Cavab: Bilirsiniz ki, UNESCO siyasətlə məşğul olmayan bir təşkilatdır. Buna baxmayaraq, bizim üçün ağrılı olan bu məsələni qaldırmaq lazımdır. Mən həm baş direktorla, həm də həmkarlarımla görüşlərimdə mövcud vəziyyət barədə məlumat verdim. Həmkarlarımdan bəzilərinin Azərbaycanda bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması barədə məlumatları, demək olar ki, yox idi. Xoşməramlı səfirləri Bakıya dəvət etməkdə əsas məqsədim onlarla birlikdə qaçqın və məcburi köçkün düşərgələrinə baş çəkmək, soydaşlarımızın yaşadıqları şəraiti göstərməkdir.
Bildiyiniz kimi, bugünkü iclas "Hər bir insan üçün təhsil" probleminə həsr edilmişdi. Bizim çadır şəhərciklərində yaşayan ailələrdəki uşaqların hansı şəraitdə təhsil almaları barədə xoşməramlı səfirlərə məlumat verərkən onlar bunu çox təəccüblə qarşıladılar. Onlar mənə söz verdilər ki, Azərbaycanda olarkən mütləq çadır düşərgələrinə gedəcək və vəziyyətlə yerindəcə tanış olacaqlar.
Keçirdiyim görüşlər zamanı dağıdılmış abidələrimiz barədə də danışdım. Əlbəttə, bu istiqamətdə hələ çox işləmək lazımdır və artıq bu səfərim zamanı həmin problemlə bağlı fəaliyyətə başlamışam.






