Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfirlərinin illik iclasında iştirak edib

UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva xoşməramlı səfirlərin illik iclasında iştirak etmək üçün Fransa paytaxtına gəlmişdir.

Martın 3-də iclas öz işinə başlamışdır. UNESCO-nun iqamətgahında Mehriban xanım Əliyevanı təşkilatın baş direktoru Koiçiro Matsuura və digər rəsmi şəxslər səmimiyyətlə qarşılamışlar.

Baş direktor iclası açaraq, xoşməramlı səfirlərin beşinci görüşünün iştirakçılarını salamlamış, son bir ildə iki nəfərin xoşməramlı səfir adına layiq görüldüyünü xatırlatmışdır. Xoşməramlı səfir adına layiq görülmüş Mehriban xanım Əliyevanın ölkəmizdəki fəaliyyətindən məlumat verən K.Matsuura bildirmişdir ki, o, 1995-ci ildən qeyri-hökumət təşkilatı olan Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik etməklə yanaşı, mədəni irsin qorunması, 2003-cü ildə YUNESKO-nun bəşəriyyətin mədəni irs siyahısına daxil etdiyi muğamların təbliği və zəngin Azərbaycan musiqisinin inkişafı sahəsində xüsusi xidmətlər göstərmişdir, Xoşməramlı səfir kimi Mehriban Əliyeva mədəni irsin qorunub saxlanmasına dair Konvensiyanın təqdimatı ilə bağlı ötən ilin dekabr ayında Kazan şəhərində keçirilmiş tədbirdə iştirak etmişdir. Baş direktor son zamanlar Mehriban xanım Əliyevanın xəstə və valideyn himayəsindən məhrum uşaqlara göstərdiyi qayğını yüksək qiymətləndirmişdir.

Sonra Koiçiro Matsuura dünyanı təhdid edən hadisələrə xoşməramlı səfirlərin göstərdiyi münasibətdən, xüsusilə QİÇS kimi təhlükəli xəstəlikdən əzab çəkən xəstələrə onların köməyindən söhbət açmış, rəhbərlik etdiyi qurumun təhsil sahəsində BMT ilə əlaqəsindən ətraflı danışmış və YUNESKO-nun tədrisin keyfiyyətini daim diqqət mərkəzində saxladığını vurğulamışdır.

Baş direktor bildirmişdir ki, Cənub-Şərqi Asiyadakı dağıdıcı sunami zamanı valideynlərini itirmiş uşaqlara qayğı göstərmək məqsədi ilə YUNESKO xüsusi layihə hazırlamışdır. Cənab K.Matsuura İraq və Əfqanıstanda müharibələr nəticəsində tarixi abidələrin dağılmasından narahatlıqla bəhs etmiş, mədəniyyətin inkişafına göstərdikləri xidmətlərinə görə bir çox xoşməramlı səfirə, o cümlədən Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.

YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iclasda çıxış etdi.

Mehriban xanım Əliyevanın çıxışı çox maraqla dinlənilmiş və sürəkli alqışlarla qarşılanmışdır.

Digər xoşməramlı səfirlər də gördükləri işlər barədə məlumat vermiş, bütün dünyanı hədələyən QİÇŞ xəstəliyinin yayılmasından narahatlıqlarını vurğulamış, YUNESKO tərəfindən həyata keçiriləcək tədbirlərə münasibətlərini bildirmiş və təkliflərini söyləmişlər.

Türkiyənin xoşməramlı səfiri ermənilər tərəfindən uydurulmuş "soyqırımı" bir çox ölkələrin tanımasından narahatlığını xüsusi vurğulamış, YUNESKO xətti ilə bu məsələnin araşdırılmasına dünyanın tanınmış tarixçi alimlərinin cəlb olunmasını xahiş etmişdir.

İclasın gedişində sunami faciəsini, Əfqanıstanda taliblər tərəfindən buddizmə məxsus tarixi abidənin dağıdılmasını, ərəb dünyasının musiqisini, adət və ənənələrini əks etdirən, Afrika ölkələrində içməli su problemindən, uşaqlar arasında savadsızlıqdan bəhs edən sənədli filimlər göstərilmişdir.

Sonra YUNESKO-nun baş direktoru Koiçiro Matsuura xoşməramlı səfirlərlə xatirə şəkli çəkdirmiş və onların şərəfinə ziyafət vermişdir.

Azərbaycan Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə və ölkəmizin YUNESKO-dakı səfiri Eleonora Hüseynova iclasda iştirak etmişlər.