Kazanda qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO-nun regional seminarı keçirilib
15.12.2004Dekabrın 15-də Tatarıstan paytaxtında qeyri-maddi mədəni irsin qorunmasına dair YUNESKO-nun regional seminarı başlayıb. Azərbaycanın birinci xanımı, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva seminarda iştirak edib.
Seminarda Avropa və Şimali Amerikanın 49 ölkəsinin mədəniyyət və xarici işlər nazirliklərinin nümayəndələri təmsil olunublar.
Tədbirdə ötən ilin oktyabrında Parisdə YUNESKO-nun 32-ci sessiyasında qəbul edilmiş beynəlxalq konvensiya müzakirə olunub. Konvensiyada qeyri-maddi mədəni irsin - xalqların milli bayramlarının, adət və ənənələrinin, musiqi və şifahi yaradıcılıq incilərinin qorunub saxlanılması və təbliği nəzərdə tutulur.
Belə bayramlardan biri də tatarların milli Sabantuy bayramıdır. Tatarıstan Respublikasının təşəbbüsü ilə Rusiya bu bayramın YUNESKO-nun şifahi və qeyri-maddi irs siyahısına salınmasını təklif etmişdir. Səkkiz əsrdən artıq bir dövrdə qeyd edilən Sabantuy təkcə tatarların deyil, Volqaboyu regionu və Rusiyanın digər regionları xalqlarının da bayramına çevrilir.
Mehriban Əliyeva seminarda çıxış edib.