Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Lev Qumilyov adına Avrasiya Milli Universitetində olublar
01.03.2004Martın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Astanadakı Lev Qumilyov adına Avrasiya Milli Universitetinə gəldi.
Dövlətimizin başçısı universitetdəki türkdilli ölkələrin mədəniyyət və əlyazmalar muzeyi ilə yaxından tanış oldu. Məlumat verildi ki, muzeydə qədim tarixə malik türkdilli xalqların mədəniyyət nümunələri, o cümlədən əlyazmalar toplanmışdır.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevlə bu ali təhsil ocağının müəllim və tələbələri ilə görüşü keçirildi. Rektor Şarsenqali Abdımanapov Prezident İlham Əliyevə universitetin fəxri doktoru adının verilməsi barədə Elmi şuranın qərarını oxudu, fəxri doktor diplomunu və mantiyanı dövlətimizin başçısına təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək, ona göstərilən yüksək etimada görə təhsil ocağının rəhbərliyinə və Elmi şuranın üzvlərinə təşəkkür etdi.