Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumun açılış mərasimində iştirak ediblər
10.10.2011Oktyabrın 10-da Bakıda, “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak etmişlər.
Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir.
Forumun işində 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər iştirak edirlər.
Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi.
Sonda xatirə şəkli çəkdirildi.










