“Muğam aləmi” II Beynəlxalq muğam festivalının açılış mərasimi

Martın 14-də Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” II Beynəlxalq muğam festivalının təntənəli açılış mərasimi olub.

Azərbaycanın birinxi xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Mehriban Əliyeva mərasimdə çıxış edib:

- Xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Sizi II Beynəlxalq muğam festivalının açılış mərasimində səmimi qəlbdən salamlayıram. Festivalda iştirak etmək üçün ölkəmizə gələn bütün qonaqlara “Azərbaycana xoş gəlmisiniz” deyirəm.

Muğam festivalının Novruz bayramı ərəfəsində keçirilməsi heç də təsadüfi deyildir. Muğamla Novruzu birləşdirən bir çox amillər vardır. İkisi də olduqca qədimdir, ikisi də özündə ənənələrlə yeniliyi birləşdirir. Təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir.

İki il bundan öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtımızda Birinci Beynəlxalq muğam festivalı keçirilmişdir. Uğurla keçirilmiş bu festival çox geniş əks-səda yaratmışdır. Eyni zamanda, biz bu gözəl, möhtəşəm Beynəlxalq Muğam Mərkəzinin açılışını keçirmişik. Bu gün tam əminliklə deyə bilərik ki, Muğam Mərkəzi bütün dünya muğamsevərləri üçün əsl muğam evinə çevrilib və bu gündən etibarən burada çox gözəl ölməz musiqi - muğam səslənəcəkdir.

Builki festival çərçivəsində müxtəlif tədbirlər keçiriləcəkdir. Artıq elmi simpozium öz işinə başlayıb. Bu günlər ərzində siz yeni ifalarda klassik Azərbaycan muğamlarını dinləyəcəksiniz, muğam opera tamaşalarına baxacaqsınız, muğam əsasında yaradılmış simfonik əsərlərə qulaq asacaq, etno-caz kimi nadir bir fonemenlə tanış olacaqsınız. Bir sözlə, muğamsevərlər, muğama vurğun olan hər bir insan bu günlər ərzində qədim mədəniyyətin, təkrarsız musiqinin, dərin fəlsəfənin şahidi olacaqdır. Festivalımızda Azərbaycan xanəndələri ilə yanaşı, xarici müğənnilər də iştirak edirlər. Mən bir daha onlara “Azərbaycana xoş gəlmiziniz” deyirəm. Onlar həm öz ölkələrində, həm də dünyada çox məşhurdurlar. İnanıram ki, bizim festival onların ümidlərini doğruldacaq və unudulmaz bir hadisəyə çevriləcəkdir.

Bilirsiniz ki, Heydər Əliyev Fondu il ərzində bir neçə musiqi festivalları təşkil edir və keçirir. Bu, Üzeyir Hacıbəyli, Qara Qarayev adına musiqi festivallarıdır. Bu, qədim Qəbələ şəhərində keçirilən Beynəlxalq musiqi festivalıdır. Bu, görkəmli həmyerlimiz Mstislav Rostropoviçin adını daşıyan musiqi festivalıdır. Hər bir belə hadisə, hər bir belə musiqi festivalı böyük bir bayrama çevrilir. Dünyanın məşhur musiqiçiləri, sənətkarları ölkəmizə gəlirlər. Mən ümidvaram ki, “Muğam aləmi” festivalı bu sırada layiqli yerini tutub və geniş auditoriyasını formalaşdırıb.

Builki festivalın başqa bir özəlliyi də vardır. Bu festival Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ərəfəsində keçirilir. Biz fərəh hissi ilə qeyd edə bilərik ki, bu 20 il ərzində muğam sənətinin inkişafında, təbliğində çox davamlı dinamika müşahidə edilib.

Son illər ölkəmizdə mədəniyyət sahəsində dövlət tərəfindən irimiqyaslı layihələr həyata keçirilir. Dövlət Proqramına əsasən Azərbaycanın teatrları, muzeyləri, konsert salonları bərpa olunur, yeni mədəniyyət ocaqları, regionlarda yeni musiqi məktəbləri tikilir, muğam və mədəniyyət mərkəzləri açılır.

Bizim ən böyük sərvətimiz bizim mədəni irsimizdir. Bizim ədəbiyyatımız, poeziyamız, musiqimiz, təkrarsız, nadir xalçaçılıq məktəbimiz, təsviri sənətimiz, memarlıq abidələrimizdir. Bu mədəni irs bizi millət kimi qoruyub saxlayır. Bu gün bu mədəniyyəti qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur.

Bu gün mən üzümu məşhur ustadlarımıza tutub onlara dərin hörmət və ehtiramımı çatdırıram. Siz muğam sənətimizin korifeylərisiniz. Eyni zamanda, siz gənc istedadların müəllim və məsləhətçilərisiniz, onların bilik mənbəyisiniz. Mən sizə uzun ömür və cansağlığı arzulayıram.

Bu festivalın hazırlanmasında əməyi olan hər bir insana öz təşəkkürümü bildirirəm. Ümidvaram ki, festival uğurla keçəcəkdir.

Mən bir daha hamınızı qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, bütün festival iştirakçılarına uğurlar, muğamsevərlərə xoş anlar arzulayıram.

İndi isə “Muğam aləmi” festivalını açıq elan edirəm.