Çexiyaya səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2012-ci il aprelin 5-də Çexiyada səfərdə olublar. Prezident İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva üçün xüsusi səfər proqramı tərtib olunmuşdur.
Aprelin 5-də Çexiya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Praqa qəsrində rəsmi qarşılanma mərasimi olub.
Çexiya Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.
Çexiyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Çexiya Prezidenti Vatslav Klausa təqdim olundu.
Sonra dövlət hədiyyələri təqdim edildi.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Praqa qəsrinin Fəxri qonaqlar kitabını imzaladılar.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova ilə birgə görüşü oldu.
Çexiya Prezidentinin xanımı Livia Klausova ilə görüş
Aprelin 5-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Çexiya Prezidentinin xanımı Livia Klausova arasında görüş oldu. Sonra onlar Praqa qəsrini gəzdilər. Mehriban Əliyeva qəsrdəki kilsədə ibadət mərasimini izlədi, arfa musiqisini dinlədi.
Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə nahar
Aprelin 5-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə Çexiya Respublikası Parlamenti Senatının sədri Milan Ştex və xanımı İvana Ştexova tərəfindən nahar verilib.
Praqanın Dekorativ İncəsənət Muzeyi ilə tanışlıq
Aprelin 5-də Mehriban Əliyeva Praqanın Dekorativ İncəsənət Muzeyində olub.
Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət
Aprelin 5-də Çexiya Prezidenti Vatslav Klaus və xanımı Livia Klausovanın adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.
5 aprel 2012-ci il