Fransaya səfər
2013-cü il iyulun 4-dən 7-dək Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan Kannda” layihəsi çərçivəsində Fransanın Kann şəhərində Azərbaycan mədəniyyət günləri keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan mədəniyyət günləri çərçivəsində təşkil olunmuş tədbirlərdə iştirak edib.
“Qız qalası” Dördüncü Beynəlxalq incəsənət festivalının açılışı
İyulun 4-də Kannın La Kruazet bulvarında “Qız Qalası” Dördüncü Beynəlxalq incəsənət festivalının açılışı olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Kann şəhərinin meri, deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər.
Tədbirdə çıxış edən Kann şəhərinin meri Bernar Broşan Azərbaycan mədəniyyətinin bu şəhərdə nümayiş etdirilməsindən məmnun olduğunu bildirib və tədbirlərdə iştirak etmək üçün Kanna gəlmiş Mehriban Əliyevanı salamlayıb. O, növbəti günlərdə də tədbirlərin uğurla keçəcəyinə əminliyini ifadə edib.
Leyla Əliyeva qonaqları salamlayaraq Kann şəhərində başlayan Azərbaycan mədəniyyəti günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimizin təqdim olunacağını bildirib. Leyla Əliyeva mədəniyyət günlərinə Qız Qalası sərgisi ilə start verildiyini diqqətə çatdırıb.
“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılışı
İyulun 4-də Kannın Festivallar sarayında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılışı olub. Mehriban Əliyevanın və Kann şəhərinin meri Bernar Broşanın iştirak etdiyi sərgidə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilib.
Kann şəhərinin meri Bernar Broşan bildirib ki, bu sərgi Azərbaycanın dünyəvi dövlət və zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiqləyir. Onun sözlərinə görə, sərginin Kann şəhərində açılması Qafqazın mirvarisi olan Azərbaycana böyük maraq yaradıb.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Beynəlxalq Pirotexnika festivalının rəsmi açılışı
İyulun 4-də hər il Kann şəhərində keçirilən Beynəlxalq Pirotexnika festivalının rəsmi açılışı olub. Budəfəki festivalın rəsmi açılışını Azərbaycan edib. 1967-ci ildən keçirilən bu festivalda möhtəşəm atəşfəşanlıq rənglər və musiqinin vəhdətində təqdim edilir.
“Azərbaycan musiqi və rənglərdə” (Azerbaijan in music and colors) şousu Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, Niyazinin “Rast” simfonik muğamı, Fikrət Əmirovun “Şur” simfonik muğamı, digər klassik musiqi və bəstəkar mahnılarının müşayiəti ilə təqdim edilib. Atəşfəşanlıq Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb, Müslim Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.
Sonda Kannda Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı münasibətilə ziyafət verilib.
Kann şəhərinin meri Bernar Broşanla görüş
İyulun 5-də Mehriban Əliyeva Kannşəhərinin meri Bernar Broşanla görüşüb. Görüşdə bir daha Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyəti vurğulanıb, şəhər ictimaiyyəti və turistlər arasında bu tədbirlərin doğurduğu əks-sədadan məmnunluq ifadə olunub.
Bernar Broşan iyulun 4-də Kannda açılışını etdiyi Azərbaycanın pirotexnika festivalının minlərlə insan tərəfindən izləndiyini bildirib.
Görüşdə Azərbaycan ilə Kann arasında mədəniyyət sahəsində əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb, artıq bu istiqamətdə bəzi layihələrin nəzərdən keçirildiyi bildirilib.
Bernar Broşan Mehriban Əliyevaya Kann şəhərinin fəxri sakini diplomunu təqdim edib.
Böyük Səkkizliyin bu şəhərdə keçirilmiş sammiti zamanı iştirakçı ölkələrin şərəfinə hazırlanmış heykəlciyin Azərbaycan bayrağı ilə bəzədilmiş nüsxəsi də Mehriban Əliyevaya təqdim olunub.
Azərbaycana həsr olunmuş foto sərginin açılışı və caz konserti
İyulun 5-də Kannda Azərbaycana həsr olunmuş foto sərginin açılışı olub. Bu sərgi ilk növbədə xalqımızın qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Məqsəd Azərbaycanın malik olduğu mədəni dəyərləri və bundan irəli gələn zənginliyi Avropa tamaşaçılarına çatdırmaqdır.
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti olub.
Klassik musiqi gecəsi
İyulun 6-da Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində növbəti mərasim təşkil olunub.
Mərasimdə çıxış edən Kann şəhərinin meri Bernar Broşan burada keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətindən danışıb, Heydər Əliyev Fondunun bu layihəsinin Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib.
“Azərbaycan demokratik, dünyəvi dövlətdir”, - deyən Bernar Broşan ölkəmizin özünəməxsus mədəniyyətinin olduğunu və bugünkü tədbirin də bunu bir daha təsdiqlədiyini qeyd edib. Mer tədbirin təşkilinə verdiyi dəstəyə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sonra Əməkdar Artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.
Konsertdən sonra təqdim olunan “Milli mətbəx günü”ndə qonaqlara Azərbaycan mətbəxinin nümumələri təqdim olunub.
La Kruazet bulvarında “Natiq” ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti
İyulun 7-də Kannın La Kruazet bulvarında “Natiq” ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti olub.
Kannda dörd gün davam edən Azərbaycan mədəniyyəti günlərinə bu konsertlə yekun vurulub.
4-7 iyul 2013-cü il