Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatına layiq görülüb

Pakistanın Sind əyalətinin Larkana şəhərində “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatının təqdimolunma mərasimi keçirilib.

Mərasimdə Pakistanın sabiq Prezidenti Asif Əli Zərdari, Sind əyalətinin Baş naziri Kaim Əli Şah, əyalət kabinetində təmsil olunan nazirlər, Milli Assambleyanın üzvləri, senatorlar iştirak ediblər.

Mərasimdə çıxış edən Asif Əli Zardari Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı ilə təltif olunduğunu elan edib.

Sind əyalətinin ailə və qadın məsələləri üzrə naziri Rubina Kaimxani isə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə irimiqyaslı layihələrin həyata keçirildiyini bildirib. O, bu tədbirlər çərçivəsində 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərindəki qızlar məktəbinin inşa edildiyini də xatırladıb: “2012-ci ildən başlayaraq Heydər Əliyev Fondu Pakistanda yeni layihələr həyata keçirir. Bu layihələrdən biri çərçivəsində sel və daşqınlardan zərər çəkmiş məktəb Fond tərəfindən əsaslı təmir edilib. Digər layihəyə əsasən, Xeybər-Paxtunxva və Pəncab əyalətlərində hepatit B virusuna qarşı peyvəndləmə aparılıb, Peşəvər şəhərində “Akbar Care” Serebral İflic İnstitutunda pulsuz müayinə təşkil olunub, Kulsum xəstəxanasında açıq ürəkdə əməliyyatlar aparılıb. Bundan başqa, Peşəvərdəki Hamza Fondu üçün müasir qanköçürmə avadanlığı və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını, minlərlə qanköçürmə paketi alınıb, Xeybər Göz Fondunun yeni binasının inşasına və Saif Fonduna maddi yardımlar göstərilib, indi isə Dera İsmail Xan bölgəsində su təchizatı sistemi inşa edilməkdədir”. Nazir 2012-ci və 2013-cü illərdə Heydər Əliyev Fondu tərəfindən Pakistanın bütün əyalətlərində Ramazan ayında kimsəsiz uşaqlar üçün iftar süfrələrinin açıldığını, Qurban bayramında Pəncab əyalətinin İslamabad, Fəyzabad, Xeybər-Paxtunxva əyalətinin Lakki Marvat şəhərlərində, həmçinin Bəlucistan əyalətinin zəlzələdən zərər çəkmiş bölgəsində qurbanlıqlar kəsilərək əhalinin imkansız təbəqələrinə paylandığını da xatırladıb: “Fondun təşəbbüsü ilə Pakistanın 12 aparıcı universitetinin 36 tələbəsinə və Rara məktəbinin 5 şagirdinə aylıq təqaüd verilir”.

“Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı Türkiyənin birinci xanımı Hayrünnisə Gülə də verilib.