Bakıda “Muğam Aləmi” III Beynəlxalq Muğam Festivalının açılışı

Martın 9-da Bakıda, Heydər Əliyev Mərkəzində “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi olub.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Beynəlxalq Festivalın prezidenti Mehriban Əliyeva mərasimi açaraq çıxış etdi.

Mehriban Əliyevanın çıxışı:

- Xanımlar və cənablar, hörmətli qonaqlar, əziz dostlar, axşamınız xeyir.

Bu gün şəhərimizin mədəni həyatında çox mühüm hadisə baş verir. Bu axşam III Beynəlxalq muğam festivalının açılış mərasimi keçirilir. Mən festivalın iştirakçılarını, ölkəmizə gələn bütün qonaqları səmimi qəlbdən salamlayıram, Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.

Artıq üçüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini, alimləri, musiqisevərləri bir araya toplayır və heç bir sərhədlərə sığışmayan gözəl musiqi bizi on gün ərzində birləşdirəcək, bizə xoş anlar bəxş edəcəkdir.

Bu il muğam festivalının açılış mərasimi Heydər Əliyev Mərkəzində keçirilir. Bu memarlıq abidəsi özü sanki musiqiyə bənzəyərək insanların daxilində müxtəlif hisslər və obrazlar oyadır. Kimsə onu dəniz dalğasına, kimsə bulud karvanına, kimsə küləyin şiddətinə oxşadır. Bu məkan ənənəni və müasirliyi özündə birləşdirən Bakının yeni simvollarından biridir. Bu axşam bu səhnədə bizim mədəni irsimizin incisi olan gözəl muğam səslənəcəkdir.

Əziz dostlar, festival günləri biz birlikdə məşhur ustadları və gənc ifaçıları dinləyəcəyik. Gənclər muğam müsabiqəsində iştirak edəcəklər. Bakı Beynəlxalq Muğam Mərkəzində ustadların çıxışları, Filarmoniyada, Opera və Balet Teatrında, digər konsert salonlarında simfonik muğamlar, muğam operaları səslənəcəkdir. Bakı caz klubunda muğamla cazın nadir sintezini dinləmək imkanı yaradılacaqdır. Azərbaycan muğamının qədim ənənələri və tarixi ilə yanaşı, müasir ifa sənətinin imkanları göstəriləcəkdir. Eyni zamanda, muğamın ölkəmizin XX əsrdə musiqi mədəniyyətinin bütün janrlarına nə dərəcədə təsir göstərdiyinin şahidi olacağıq. Mən ümidvaram ki, festival proqramı özündə Azərbaycanda qonaq olan ölkələrin rəngarəng muğam məktəblərinin ənənələrini, uğurlarını, nailiyyətlərini də bizə göstərəcəkdir. Ən əsası odur ki, Beynəlxalq muğam müsabiqəsi yeni adlar, yeni istedadlar aşkar edəcək və muğamın həm ölkəmizdə, həm dünyada daha yaxşı tanınmasına, daha geniş yayılmasına töhfəsini verəcəkdir.

Builki festival bir neçə yeniliklə seçilir. Birinci yenilik ondan ibarətdir ki, muğam müsabiqəsi təkcə xanəndələr arasında keçirilmir, həmçinin instrumental muğam sənətini də əhatə edəcəkdir. Digər yenilik ondan ibarətdir ki, demək olar, ölkəmizin bütün regionlarında fəaliyyət göstərən musiqi məktəblərinin şagirdləri bu festivalda iştirak edəcəklər. Onlar məşhur xanəndələrlə, ölkəmizə gələn qonaqlarla birgə çıxış edəcəklər və əlbəttə, bu da gənc istedadlar üçün əvəzolunmaz bir təcrübədir.

Əvvəlki illərdən fərqli olaraq bu il festival təkcə Bakı şəhərində deyil, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qəbələdə, Şamaxıda, Şirvanda və ölkəmizin digər şəhər və rayonlarında keçiriləcəkdir.

Dünyada muğama maraq artmaqdadır. Biz bunu festivalda iştirak edən ölkələrin sayının artmasında da görürük. Bu il festivala 24 ölkə qatılıb. Festival çərçivəsində keçirilən elmi simpoziumda xaricdən gələn çoxsaylı ekspertlər və alimlər də iştirak edəcəklər.

Əziz dostlar! Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub. Muğam isə əsl sənət incisidir. Təsadüfi deyil ki, Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı və tar ifaçılığı da vardır. Bu, bizim mədəni irsimizə, mədəni irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin və qayğının göstəricisidir.

Əziz dostlar! Yəqin bilirsiniz ki, bu festival Heydər Əliyev Fondu tərəfindən hazırlanır. Heydər Əliyev Fondu fəaliyyətinin ilk günündən mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirir. Biz bu sahədə bir çox tədbirlər hazırlayıb həyata keçiririk, bir çox festivallar reallaşdırırıq. Bu sırada Qəbələ musiqi festivalı, Rostropoviçin, Qara Qarayevin, Üzeyir Hacıbəylinin adını daşıyan festivalları qeyd etmək istərdim. Əlbəttə, ən vacibi Beynəlxalq muğam festivalıdır. Festivalın hazırlanmasında əməyi olan hər bir insana dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün mən bizim məşhur ustadlarımızı salamlayıram və onlara öz hörmət və ehtiramımı çatdırıram. Siz bizim korifeylərimizsiniz, siz muğam sənətini yaşadırsınız, siz yeni istedadlar yetişdirirsiniz. Mən sizə cansağlığı, uzun ömür arzulayıram.

Əziz dostlar! Sonda qarşıdan gələn Novruz bayramı münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Festival iştirakçılarına uğurlar, bizə isə çox xoş anlar arzulayıram.

İndi isə “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalını açıq elan edirəm. Çox sağ olun.