Mehriban Əliyeva Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunla görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkunla görüşüb.

Azərbaycanın birinci xanımı qonağı salamlayaraq dost və qardaş ölkənin səfiri ilə görüşdən məmnunluq duyduğunu bildirib. Mehriban Əliyeva Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin qardaşlıq və dostluğa əsaslanmaqla bütün sahələri əhatə etdiyini söyləyib. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun iki ölkə arasındakı əlaqələrin inkişafına verdiyi töhfəni də vurğulayaraq deyib ki, Fond Türkiyə hökuməti ilə birgə bir sıra uğurlu layihələrə imza atıb.

Qəbula görə Mehriban Əliyevaya minnətdarlıq edən səfir İsmayıl Alper Coşkun beş aydır ki, ölkəmizdə səfir kimi fəaliyyət göstərdiyini söyləyib, Azərbaycandakı fəaliyyəti dövründə mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcəyini deyib.

Görüşdə, həmçinin 2013-cü ildə Heydər Əliyev Fondu ilə səhiyyə, mədəniyyət və birgə sahələrdə həyata keçiriləcək layihələr haqqında müzakirələr aparılıb, Türkiyədə fəaliyyət göstərən fondlarla müştərək işin zəruriliyi önə çəkilib. Həmçinin, Azərbaycanın dünyada, o cümlədən Türkiyədə təbliğinin daha da gücləndirilməsinin yolları barədə fikir mübadiləsi aparılıb.