Yunanıstana səfər

Azərbaycanın birinci xanımı,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2014-cü il sentyabrın 27-28-də Yunanıstanda səfərdə olub.

Afinada Azərbaycan mədəniyyəti günlərinin açılışı

Sentyabrın 27-də Afinada Azərbaycan mədəniyyəti günlərinə start verilib.

Mədəniyyət günləri çərçivəsində Mehriban Əliyeva Yunanıstanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Dora Bakoyanni, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb və birgə nahar edib.

Sonra Afinada Azərbaycan mədəniyyəti günlərinin açılışı olub. Mədəniyyət günləri Afinanın beş min tamaşaçı tutumu olan “İrodio” Teatrında Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Yunanıstanın Marianna Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə keçirilən xeyriyyə konserti ilə başlayıb. Konsertdə Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri və Dövlət rəqs ansamblı çıxış ediblər.

Afinada “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı

Sentyabrın 28-də Afinadakı “Akropol” muzeyində 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən mərasimdə birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.

Tədbirə Yunanıstan parlamentinin sədri, Baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Yunanıstandakı səfiri Rəhman Mustafayev də qatılıblar.

Mərasim ilk Avropa Oyunlarına hazırlıqla bağlı filmin nümayişilə başlayıb.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra Yunanıstanın inzibati islahatlar naziri Kiriakos Mitsotakis, Yunanıstanın mədəniyyət nazirinin müavini Angela Gerekoi, Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spirios Kapralos, Yunanıstanın kanoe idmanı üzrə olimpiya çempionu Voula Kozumbali mərasimdə çıxış ediblər.

Mərasim Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə davam edib.

27-28 sentyabr 2014-cü il