Mehriban Əliyeva Afinada “ELPIDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olub
15.06.2014İyunun 15-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada “ELPIDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olub.
Mehriban Əliyeva burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşüb.
“ELPIDA” Dostluq Assosiasiyası 1990-cı ildə yaradılıb. Yunan cəmiyyətində böyük nüfuz qazanan bu assosiasiyanı insanlara ən çox sevdirən məhz xərçəng xəstəliyinə tutulan uşaqlara xüsusi qayğı göstərməsi olub.
Daha sonra “ELPIDA”nın fəaliyyətinə həsr olunan videoçarxın nümayiş etdirilib.
Assosiasiyanın prezidenti Marianna Vardinoyannis Mehriban Əliyevanı “ELPIDA”da görməkdən məmnun olduğunu bildirib, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini xatırladıb.
“ELPIDA”nın layihələrindən danışan Marianna Vardinoyannis assosiasiyanın ötən dövrdəki fəaliyyətinə nəzər salıb, Heydər Əliyev Fondu ilə əlaqələrinə toxunub, Bakıda Talassemiya Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.
Marianna Vardinoyannis “ELPIDA” mükafatını Mehriban Əliyevaya təqdim edib.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sonra birinci xanım öz adı yazılmış ulduzu “ELPIDA”nı ziyarət edən görkəmli şəxslərin adları olan lövhəyə vurub, Heydər Əliyev Fondunun hədiyyələrini uşaqlara təqdim edib.