Bakıda XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisi açılıb
02.06.2015Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 2-də Bakı Sərgi Mərkəzində XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılışında iştirak ediblər.
Sərgini Böyük Britaniyanın “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vud açıb.
Prezident İlham Əliyev mərasimində çıxış edib.
Çıxışlardan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış olublar.
Dünyanın 27 ölkəsindən 315 şirkətin iştirak etdiyi sərginin ekspozisiyası neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin təmin olunması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanları və s. tematik bölmələrdən ibarətdir. Sərgi çərçivəsində ilk dəfə olaraq “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda rəsm sərgisi də keçirilir.
Sərgi və konfransın təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edir.