Afinada “ELPIDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanışlıq
15.06.2014İyunun 15-də Mehriban Əliyeva Afinada “ELPIDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi:
- Hörmətli Marianna.
Əziz uşaqlar, əziz dostlar.
Bu gün sizin gözəl ölkənizdə yenidən olmağıma çox şadam. Biz ölkələrimiz - Azərbaycan ilə Yunanıstan arasında ildən-ilə güclənən, qarşılıqlı faydaya, tərəfdaşlığa və hörmətə əsaslanan əlaqələrdən fərəh hissi duyuruq. Bu cür sıx münasibətlər bir çox sahələri - siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edir. Ümidvaram ki, Azərbaycan Prezidentinin səfəri əməkdaşlığımızı dərinləşdirəcək və genişləndirəcəkdir.
Mən “ELPIDA” Assosiasiyasına ilk dəfə 5 il öncə səfər etdim. Həmin vaxt əldə etdiyiniz bütün nailiyyətlər mənə böyük təəssürat bağışladı. Həyata keçirdiyiniz bu nəcib missiyanızda sizə minnətdarlığımı bildirmək istərdim.
Əziz dostum Marianna ilə ilk dəfə UNESCO-ya xoşməramlı səfir təyin edildikdən sonra tanış oldum. Həmin vaxtdan etibarən biz yaxın dostlara çevrildik. Onu da deyim ki, bizi yalnız dostluq deyil, həm də ideallar birləşdirir. Təşkilatlarımız – “ELPIDA” və Heydər Əliyev Fondu ehtiyacı olan insanlara yardımı prioritet hesab edirlər.
Mariannanın qeyd etdiyi kimi, Heydər Əliyev Fondu da sosial, mədəni və təhsil sahələrində bir çox layihələr həyata keçirir.
Yunanca “ELPIDA” “ümid” deməkdir. Bütün bu binaları – xərçəngdən əziyyət çəkən uşaqlar üçün çox müasir xəstəxana, onların valideynləri üçün qonaq evi və ən yaxşı avadanlıqla təchiz edilmiş, olduqca peşəkar həkimlərdən ibarət bölməni gördükdən sonra deyə bilərik ki, bu məkan uşaqlar və onların valideynləri üçün əsl ümid yeridir.
Həyatının bir hissəsini xəstəxanada keçirmək məcburiyyətində olan uşaqlara qayğı göstərmək çox xeyirxah işdir. Burada siz nəinki yüksək texnologiya əsasında tibbi müalicə aparırsınız, o cümlədən xüsusi mühit yaradırsınız. Bu, böyük qayğı, məhəbbət və dəstək mühitidir. Uşaqları qəlbinizdə saxlayırsınız. Bu uşaqlar hər hansı digər uşaqlar kimi oynamağı, gəzməyi və dostları ilə birgə olmağı sevirlər. Siz isə onları heç zaman təklikdə qoymayan insanlarsınız. Fəaliyyətiniz böyük təşəkkürlərə layiqdir. Çox sağ olun.
Sonda mən hörmətli Mariannaya, “ELPIDA” Assosiasiyasının bütün üzvlərinə bu mükafata görə təşəkkürümü bildirirəm. Bu mükafatı Heydər Əliyev Fondunun səhiyyə sahəsində apardığı fəaliyyətin yüksək qiymətləndirilməsi kimi qəbul edirəm. Məqsədlərimiz eyni olaraq qalır: ehtiyacı olan insanlara hər zaman kömək etmək.
Əminəm ki, biz bu məramı uşaqlarımız üçün davam etdirəcəyik. Çünki insanlar gələcəyə ümidlə yaşayır. Gələcək isə uşaqlarsız mümkün deyildir.
Mən bir daha göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm. Bütün gələcək təşəbbüslərinizdə sizə uğurlar arzulamaq istəyirəm. Sizə ən böyük uğurlar diləyirəm. Çox sağ olun.
Sizin hamınızı 2015-ci ildə paytaxt şəhərimiz Bakıya - ilk Avropa Oyunlarına dəvət edirəm.