Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilib
10.05.2009Mayın 10-da “Buta” sarayında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaqların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva çıxış edərək dedi ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilk növbədə vətənpərvərliyə, Vətənə olan sonsuz məhəbbətə söykənirdi.
Azərbaycanın birinci xanımı dahi rəhbərin ölkəmiz və xalqımız qarşısında xidmətlərini xatırladaraq bildirdi ki, yalnız böyük və nadir insanlar yüksək və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömür yolu ali məqsədlərə xidmət edir və əbədi mübarizəyə həsr olunur.
“Heydər Əliyev qalibiyyətinin nəticəsi müstəqil Azərbaycandır”, - deyən Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun beş illik fəaliyyətinə nəzər saldı.
Heydər Əliyev Fondunun beş illik fəaliyyəti dövründə cəmiyyəti narahat edən bir çox sahələrin inkişafına, problemlərin həllinə diqqət yetirdiyini, iri layihələr həyata keçirdiyini bildirən Mehriban xanım Əliyeva dedi: Bu beş il ərzində görülən işlər bir çox sahələri – elmi, təhsili, mədəniyyəti, səhiyyəni, sosial sferanı əhatə edir. Lakin onları birləşdirən bir amil var. Bu da Azərbaycana, Vətənə xidmət etmək arzusu və şərəfidir. Bir daha sizi əmin etmək istəyirəm ki, Heydər Əliyevin adını daşıyan bu Fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir. Qoy, Tanrı hər zaman Azərbaycanı qorusun.
Sonra ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirildi. Filmdə ulu öndərin ailə həyatından görüntüləri əks etdirən kadrlar ilk dəfə ictimaiyyətə təqdim olundu.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Heydər Əliyevin bütün dövrlərdə ən ağır sınaqlardan şərəflə çıxdığını qeyd edən dövlətimizin başçısı dedi ki, bu gün ulu öndərin siyasəti, onun ideyaları yaşayır və uğurla davam etdirilir. Biz - onun davamçıları bundan sonra da onun siyasətini davam etdirəcəyik və Azərbaycanı onun yolu ilə irəliyə aparacağıq.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müasir dövlətdir və ölkəmiz inkişaf edir. Bu inkişaf yolunu isə bizə Heydər Əliyev göstərib və ulu öndərin bizə ərmağan etdiyi azərbaycançılıq ideyası dövlətimizin əsas ideoloji sütunlarından biridir.
Prezident İlham Əliyev dedi: Çox böyük qürur hissi keçirirəm ki, biz - Heydər Əliyevin davamçıları ölkəmizi onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən, ilk növbədə, Heydər Əliyev kimi xalqın inamına arxalanırıq, öz siyasətimizi xalqın iradəsi ilə aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir.
Heydər Əliyev Fondunun beş illik fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı bildirdi ki, Fond fəaliyyəti dövründə yardıma ehtiyacı olan hər kəsin yanında olmuş, onlara yardım əlini uzatmışdır. Heydər Əliyev Fondunun artıq ölkə həyatında önəmli amilə çevrildiyini qeyd edən Prezident İlham Əliyev dedi: Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll edilə bilər. Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “xoş niyyət” deyərdim.
Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi oldu.
Azərbaycan təsviri sənətinin inkişafındakı xüsusi xidmətlərinə görə heykəltaraş, xalq rəssamı Ömər Eldarova Heydər Əliyev Mükafatı təqdim edildi.
Ölkəmizin musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə bəstəkar, xalq artisti Arif Məlikova Heydər Əliyev Mükafatı təqdim olundu.
Heydər Əliyev Mükafatı Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təqdim edildi.
Mehriban xanım Əliyeva: İlk növbədə, cənab Prezident, Sizə və mənim fəaliyyətimə belə yüksək qiymət verən bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm. Vətənimizə ləyaqətlə xidmət etmək hər birimizin borcudur. Heydər Əliyev Mükafatı ilə təltif olunmaq mənim üçün ən böyük şərəfdir. Mənə inanan, mənə kömək edən, məni dəstəkləyən bütün insanlara bir daha öz dərin təşəkkürümü bildirirəm. Mənim üçün tükənməz güc mənbəyi olan ailəmə - atama, uşaqlarıma və həyat yoldaşıma öz hədsiz məhəbbətimi və dərin hörmətimi bildirirəm. Sonda mənə verilən pul mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna keçirməyimi elan edirəm. Təşəkkür edirəm, çox sağ olun.
Sonra Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi oldu.
Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatı müxtəlif nominasiyalar üzrə sahiblərinə təqdim edildi.
Heydər Əliyev Fondunun layihə və proqramlarında fəal iştirakına, xalqlararası əlaqələrin inkişafına töhfəsinə görə ilk nominasiyada mükafat ulu öndərin məsləkdaşı və yaxın dostu İhsan Doğramacıya verildi. Mükafat İhsan Doğramacının oğlu, Bilkənd Universitetinin rektoru Əli Doğramacıya təqdim edildi.
Qədim muğam irsinin qorunmasında, muğam ifaçılıq məktəbinin inkişafında, yeni ifaçılar nəslinin yetişməsindəki xidmətlərinə görə xalq artisti Əlibaba Məmmədova “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olundu.
Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığa, beynəlxalq əhəmiyyətli layihədə fəal iştirakına və bu işə verdiyi töhfəyə görə BMT-nin ölkəmizdəki sabiq rezident əlaqələndiricisi Marko Borsotti də “Qızıl çinar”la mükafatlandırıldı.
Növbəti nominasiyada qalib Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki fəaliyyətinə verdiyi dəstəyə görə ürək və damar cərrahı Rəşad Mahmudov elan olundu və mükafat sahibinə təqdim edildi.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Samux rayonunun Sarıqamış kənd orta məktəbinin tikintisinə göstərdiyi dəstəyə görə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskiyə də “Qızıl çinar” beynəlxalq mükafatı verildi.
Sonuncu nominasiyada gənc nəslin hərtərəfli, sağlam vətəndaş kimi böyüməsi sahəsindəki xidmətlərinə görə paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova qalib elan edildi.
Mükafatlandırma mərasimindən sonra incəsənət ustalarının maraqlı konsert proqramı oldu.