Mehriban Əliyeva “İlin Birinci Xanımı” mükafatına layiq görülüb
14.05.2014Mayın 14-də Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və “The Business Year” şirkətinin təşkilatçılığı ilə “The Business Year: Azerbaijan-2014” nəşrinin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Nəşrin regional direktoru xanım Betül Çakaloğlu Azərbaycana həsr olunmuş buraxılış barədə iştirakçılara məlumat verib.
Baş ofisi Londonda yerləşən “The Business Year” dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya və Afrikanı əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və öz nəşrində işıqlandıran nüfuzlu şirkətdir.
“The Business Year” şirkəti ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meylləri, biznes və investisiya mühiti, aparıcı qurumları və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes layihələrinin reallaşdırılmasına öz töhfəsini verir.
Çıxışlardan sonra müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görülüb.
Mərasim konsert proqramı ilə davam edib.
Qeyd edək ki, “The Business Year” jurnalının Azərbaycan ilə bağlı xüsusi buraxılışı artıq dördüncü dəfədir nəşr olunur.
Xüsusi buraxılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müsahibələri dərc olunub.