Mehriban Əliyeva Pakistanda “Humanizm simvolu-2012-ci ilin adamı” elan edilib

Pakistanın nüfuzlu “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı “Humanizm simvolu–2012-ci ilin adamı” elan edib. Yanvarın 22-də İslamabadın “Serena” mehmanxanasında mükafatın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi, Senatın sədr müavini Sabir Bəluc, Milli Assambleyanın humanitar məsələlər üzrə komitəsinin sədri, nazir Rubina Saadat Kaimxani, Senatın məlumat və yayım komitəsinin sədri Hacı Qulam Əli, müdafiə və müdafiə sənayesi komitəsinin sədri Müşahid Hüseyn, xarici əlaqələr komitəsinin sədri Hacı Adil, intizam komitəsinin sədri Seyid Məshədi, daxili işlər komitəsinin sədri Məhəmməd Talha Mahmud, senator Osman Seyfulla Khan, İslamabad Şəhəri İcra Hakimiyyətinin başçısı Tarik Pirzada, Pakistanın sabiq daxili işlər naziri, senator Vasim Xan, Milli Assambleyanın deputatı Humayun Seyfulla Xan, İslamabad Sənaye və Ticarət Palatasının sədri Zəfər Bəxtəvəri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, nüfuzlu universitetlərin rektorları, jurnalistlər, bir sıra ölkələrin İslamabaddakı səfirləri iştirak ediblər.

Qadın Könüllülər Təşkilatının sədri xanım Samina Şah Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələr haqqında geniş məlumat verib. O, qeyd edib ki, 2007-ci ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, 2012-ci ildə isə həmin məktəb əsaslı təmir edilib, orada yenidənqurma işləri aparılıb. Fond tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşavar şəhərində “Akbar Care” Serebral Paraliç İnstitutunda, həmçinin Xeybər Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edilib, İslamabad şəhərinin “Kulsum İnternational” klinikasında açıq ürək əməliyyatları maliyyələşdirilib, Həmzə Fonduna (Peşavar) müasir qanköçürmə avadanlığı və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım avtomobili və 2000 qanköçürmə paketi hədiyyə edilib, Xeybər Göz Fondunun yeni binasının inşası üçün maddi yardım göstərilib, Pakistanın bütün əyalətlərində Ramazan ayında iftar süfrələri təşkil edilib, Qurban bayramında Lakki Marvat bölgəsində və Pəncab əyalətində qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılıb.

Xanım Samina Şah “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatının məhz bunları nəzərə alaraq Mehriban Əliyevanı “Humanizm simvolu–2012-ci ilin adamı” elan etdiyini söyləyib.

Tədbirdə Mehriban Əliyevanın fəaliyyətini, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistan da daxil olmaqla xarici ölkələrdə həyata keçirdiyi xeyriyyə tədbirlərini əks etdirən videoçarx nümayiş olunub.

Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi Mehriban Əliyevanın Pakistandakı fəaliyyətini iki qardaş ölkə arasında dostluq münasibətlərinin əyani göstəricisi kimi qiymətləndirib. O, Mehriban Əliyevanın uşaq və qadınların problemlərinin həlli ilə yaxından məşğul olmasının Pakistanın böyük qızı Benazir Bhuttonun ideyaları ilə üst-üstə düşdüyünü xüsusi vurğulayıb.

F.K.Kundi Pakistan ilə Azərbaycan arasında inkişafda olan qardaşlıq əlaqələrindən danışaraq, bu münasibətlərin həyatın bütün sahələrini əhatə etdiyini bildirib.

Pakistanda hökumətin sosial problemlərin həlli istiqamətində atdığı addımlardan, humanitar, səhiyyə və təhsilin inkişafına yönəltdiyi diqqətdən danışan Fəsəl Kərim Kundi Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində keçirilən humanitar tədbirlərin iki xalq arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb.

Sonra Fəsəl Kərim Kundi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu “Humanizm simvolu- 2012-ci ilin adamı” mükafatını Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarova təqdim edib.

Səfir Daşqın Şikarov “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatının rəhbərliyinə və əməkdaşlarına təşkil olunmuş tədbirə və Azərbaycanın birinci xanımını yüksək mükafatla təltif etdiklərinə görə minnətdarlığını bildirib.

Diplomat bu mükafatın Pakistan parlamentinin sədri vəzifəsini icra edən şəxs tərəfindən təqdim olunması faktının xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Mərasim məktəblilərin tanınmış instrumental qrupunun ifasında konsert proqramı ilə başa çatıb.

Təqdimat mərasimi Pakistanın nüfuzlu mətbuat orqanlarında - “Pakistan Observer”, “The News”, “Daily Times” və “The Nation”, “DNA News”, “Centreline”, həmçinin PTV, DRY News, Vakt TV, CNBC və digər yerli kanallarda geniş işıqlandırılıb.