Mehriban Əliyeva Krans Montana Forumu çərçivəsində plenar iclasda iştirak edib
29.06.2012İyunun 29-da Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iclasda iştirak edib.
İclası açan Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı mərasim iştirakçılarına təqdim etdi.
O bildirdi ki, forumun ən ali mükafatı olan “Prix de la Fondation” mükafatı beynəlxalq səviyyədə fəaliyyəti ilə seçilən və rəğbət qazanan insanlara verilir. Bu sırada qadınlar olanda isə mükafat daha böyük məna və mahiyyət kəsb edir. “Mehriban Əliyeva dünyada humanitar fəaliyyəti ilə diqqət çəkir, zərurət mövcud olan yerləri nəzərdən qaçırmır”, - deyən Jan Pol Karteron bildirdi ki, bu irs Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevdən miras qalıb. İndi bu böyük insanın adını daşıyan Fond regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman və təbii ki, qadın hüquqlarının qorunması sahəsində geniş fəaliyyət göstərir.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətindən danışdı, Prezident İlham Əliyevin ölkəmizdə gördüyü işlərin yüksək səviyyədə həyata keçirilməsində onun yaxından iştirak etdiyini vurğuladı.
Sonra mükafatlandırma mərasimi oldu. Krans Montana Forumunun ən ali mükafatı - “Prix de la Fondation” Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edildi. Təltif olunmasına görə minnətdarlığını bildirən birinci xanım Mehriban Əliyeva dedi:
- Mən Krans Montana Forumunun prezidentinə təşəkkürümü bildirmək istərdim. Bu qərarı qəbul edənlərin hamısına təşəkkürümü bildirmək istərdim.
Krans Montana Forumundan belə yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif sahələrdə qazandığı nailiyyətlərin tanınmasının bir rəmzi kimi qəbul edirəm. Həmçinin, mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif mədəniyyətlər, müxtəlif millətlər arasında əlaqələrin daha da yaxşılaşdırılmasındakı nailiyyətlərinin rəğbətlə qəbul edilməsinin bir nişanəsi kimi dəyərləndirirəm. Çox sağ olun.
Eyni mükafat Beynəlxalq İnkişaf, Siyasi və İnsan Hüquqları Təşkilatının baş məsləhətçisi, Liviyadan olan xanım Fəridə Allagiyə də verildi. Fəridə Allagi də çıxışında mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirdi.
Sonra “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas işə başladı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva plenar iclasda çıxış etdi.
“Qadınlar kişilərlə bərabər hüquqludur, bəzi hallarda isə onlardan üstündür”, - deyən CNN telekanalının keçmiş aparıcısı Larri Kinq mühüm əhəmiyyət daşıyan iclasın işinə uğurlar arzuladı.
Nigerin birinci xanımı Aissata İssufu Mahamadu Azərbaycan Prezidentinə və onun xanımına bu cür yüksək səviyyəli forumun təşkil olunmasına görə minnətdarlığını çatdırdı. O, ölkəsində qadın hüquqlarının təmin olunması istiqamətində görülən işlərdən danışdı.
Keçmiş YuqoslaviyaRespublikası Makedoniyanınbirincixanımı Maya İvanovadaforumdaiştirak üçündəvətə görə Mehriban Əliyevayatəşəkkürünü bildirdi. Birinci xanım dedi ki, insan haqlarının mühüm tərkib hissəsi olan gender bərabərliyinin qorunub saxlanması beynəlxalq səviyyədə layiqli yerini tutmalıdır.
Monteneqronun birinci xanımı Svetlana Vuyanoviç qeyd etdi ki, qadın hüquqlarının pozulması ilə bağlı mövcud stereotiplərə son qoyulmalı, gender bərabərliyi demokratik cəmiyyətlərin əsas atributuna çevrilməlidir.
Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs ölkəsində qadınlarla bağlı həyata keçirilən layihələrdən danışdı. Xüsusilə də qadınların səhiyyə ilə bağlı ehtiyaclarının ödənilməsi, uşaq ölümünün qarşısının alınmasının vacib olduğunu bildirdi. O, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təhsil sahəsindəki fəaliyyətinin böyük maraqla qarşılandığını diqqətə çatdırdı.
Keniya Baş nazirinin xanımı İda Odinqa ölkəsində qadınlara daha geniş səlahiyyətlərin verilməsi, onların seçkilərdə təmsil olunması ilə bağlı tədbirlərin görüldüyünü dedi.
Gürcüstan Universitetinin Qəyyumlar Şurasının sədri Giuli Alasania ölkəsində gender problemləri sahəsində qəbul olunmuş qanunlardan danışdı. O, qadınların parlamentdə təmsil edilməsi baxımından ölkəsinin zəngin təcrübəyə malik olduğunu vurğuladı.
İtaliyanın Mediterraneo Fondunun təsisçisi və sədri Mişel Kapasso bu forumda aparılan müzakirələr nəticəsində səmərəli irəliləyişlərə nail olunacağına əminliyini bildirdi.
Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə qadınların hüquqlarının reallaşdırılması üçün geniş imkanların açıldığını, mühüm qanunların qəbul edildiyini diqqətə çatdırdı. Bu sahədə Azərbaycanın birinci xanımının rolunu xüsusilə qeyd edən H.Hüseynova Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə gender bərabərliyinin təmin olunması, məişət zorakılığının aradan qaldırılması haqqında qanunların qəbul edildiyini diqqətə çatdırdı.
Finlandiyanın Beynəlxalq Qadınlar Şurasının sədri xanım Laura Finne-Elonen rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, bu qurum qadınlarla bağlı önəmli məsələləri nüfuzlu beynəlxalq təşkilatların qarşısında qaldırmaqla həmin problemlərin həll olunmasına mühüm töhfə verir. O, qadınların hüquqlarının qorunması sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdi.
Digər qonaqlar da çıxışlarında dünyada qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması sahəsində ciddi tədbirlərin həyata keçirilməsinin zəruriliyinə diqqət çəkdilər. Bu cür ciddi problemlərin aradan qaldırılmasında müxtəlif ölkələrin birinci xanımlarının üzərinə böyük vəzifələrin düşdüyünü dedilər. Qeyd olundu ki, cəmiyyətin müxtəlif sahələrində qadınların rolunun gücləndirilməsi, onların öz fəaliyyətləri ilə bu prosesdə iştirakının təmin olunması indi qarşıda duran ən vacib məsələlərdəndir. Bildirildi ki, bütün bu amillərin həyata keçməsi üçün qadınlara daha çox səlahiyyətlərin verilməsi vacibdir və ən əsası da qadın hüquqlarının qorunması sahəsində beynəlxalq və yerli qanunvericiliyin möhkəmləndirilməsi əsas məqsədlərdən biri kimi qəbul edilməlidir. Bundan əlavə, Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasında qadınların rolu gücləndirilməli, bu sahədə prioritetlər müəyyənləşdirilərkən onların da təcrübəsindən istifadə edilməlidir.
Plenar iclasa yekun vuran İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri belə gözəl tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını çatdırdı.