Mehriban Əliyevaya “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib
13.04.2012Moskvada, Rusiya Dövlət Kitabxanasının Paşkov Evində “Birlik Ulduzları” dövlətlərarası mükafat laureatlarının təntənəli təltif mərasimi olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya humanitar fəaliyyət sahəsində “Birliyin Ülduzları” mükafatı təqdim edilmişdir. Bu yüksək mükafat MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən təsis edilmişdir.
Mərasimi Dövlət Dumasının sədri Sergey Narışkin açmışdır. O, MDB məkanında mədəniyyətlərarası humanitar əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir. RF parlamentinin spikeri laureatlardan hər birinin görkəmli xidmətləri barədə qısa məlumat vermiş, Azərbaycanın birinci xanımını şəxsən salamlamışdır. O, Mehriban xanım Əliyevanın səhiyyə sahəsində, sosial sferada, mədəniyyət və humanitar sahələrdə görkəmli xidmətlərini, habelə Birliyin bütün xalqlarının rifahı naminə inteqrasiya proseslərinin möhkəmlənməsində müstəsna rolunu xüsusi qeyd etmişdir. Sergey Narışkin demişdir: “Mən Heydər Əliyev Fondunun prezidenti, ümumbəşəri dəyərlərin möhkəmlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma naminə çox böyük qüvvə, enerji və qəlbinin hərarətini sərf edən Mehriban xanım Əliyevanı salamlamağa ürəkdən şadam. Biz bilirik ki, Mehriban Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri fəxri adına, anaların və ailənin sağlamlığının möhkəmlənməsində xidmətlərinə görə Dünya Səhiyyə Təşkilatının mükafatına layiq görülmüşdür, həmçinin Azərbaycanda olimpiya hərəkatının inkişafına kömək edir”.
Sonra Dövlət Dumasının sədri Sergey Narışkin mükafatı Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim etmişdir.
Mehriban xanım Əliyeva bu mükafata və onun fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə DHƏF-ə və HƏŞ-ə səmimi təşəkkürünü bildirmişdir. O demişdir: “Mən bu mükafatı müasir Azərbaycanın xidmətlərinin etiraf edilməsi kimi, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi işinə mənim ölkəmin töhfəsi kimi qiymətləndirirəm”.
O bildirmişdir ki, ölkələrimizin müstəqil dövlətlər kimi təşəkkülü dövründə mehriban qonşuluq və əməkdaşlıq kimi müsbət meyillərin qorunub saxlanması və möhkəmlənməsi çox vacibdir.
M.Əliyeva demişdir: “Azərbaycan coğrafi baxımdan Avrasiyanın mərkəzində yerləşir və əsrlər boyu ölkəmiz çoxsaylı mədəniyyətlərin və sivilizasiyaların əlamətlərini özündə birləşdirir”.
Mehriban xanım Əliyeva xüsusi vurğulamışdır ki, 2010-cu ildə Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu keçirilmiş, sonradan bu tədbir hər il keçirilən Beynəlxalq Humanitar Foruma çevrilmişdir. Aşkardır ki, yaşadığımız mürəkkəb və ziddiyyətli dünyada bəzən adi anlaşma, dözümlülük və hörmət münasibətləri çatışmır. Mehriban Əliyeva çıxışının sonunda demişdir: “Mənim fikrimcə, etimadı möhkəmlətmək, anlaşmaya nail olmaq, yığılıb qalmış problemlərin həlli mexanizmlərini yaratmaq yalnız birgə səylərimizlə, mənəviyyat və humanizm, insaniyyət, inam və bir-birinin kədərinə şərik olmaq kimi ümumbəşəri dəyərlərə əsaslanmaqla və əlbəttə, humanitar və mədəni əlaqələri gücləndirmək və möhkəmləndirməklə mümkündür. İqtisadi əlaqələrin möhkəmlənməsi kimi təhsil, elm və mədəniyyət sahəsində irimiqyaslı layihələr də ölkələrimizin sülh və firavanlığa can atmasına kömək edir”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev, Dövlət Duması Aparatının rəhbəri Cahan Pollıyeva da laureatları təbrik etmişdir.
Mükafatların təqdim edilməsinə həsr olunmuş təntənəli mərasimin aparıcısı əməkdar incəsənət xadimi Svyatoslav Belza idi.
Tədbirin sonunda Vladimir Spivakovun rəhbərlik etdiyi orkestrin iştirakı ilə bayram konserti olmuşdur. Konsertdə Azərbaycanın gənc nümayəndəsi, istedadlı skripkaçı Elvin Qəniyev çıxış etmişdir.
Mehriban Arif qızı Əliyeva - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatıdır, öz xeyriyyəçilik fəaliyyəti ilə ölkədə və onun hüdudlarından kənarda yaxşı tanınmışdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun geniş miqyaslı layihələri ölkənin həyati əhəmiyyətli bütün sahələrini – təhsil, elm, mədəniyyət, ekologiya, idman, din və başqa sahələri əhatə edir. Yeni klinika və məktəblərin tikintisi, məscidlərin, məbədlərin və digər konfessiyalara aid dini abidələrin bərpası, müasir incəsənətin dəstəklənməsi və mədəni irsin təbliğ edilməsi Mehriban Əliyevanın fəaliyyət sahəsinin heç də tam olmayan siyahısıdır. O, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Bəşəriyyətin ali ideallarına xidmət sahəsində görkəmli nailiyyətlərinə görə 2007-ci ildə Dünya Səhiyyə Təşkilatının mükafatına, habelə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülmüşdür.
Mehriban Əliyeva cəmiyyətdə qadının rolunun artırılması, anaların və ailənin sağlamlığının qorunması və möhkəmlənməsi məsələləri ilə fəal məşğul olur. Onun təşəbbüsü ilə Bakıda unikal Muğam Mərkəzi və Müasir İncəsənət Muzeyi tikilmiş, 2011-ci ildə Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu keçirilmişdir.
2010-cu ildə M.Əliyeva Fransanın Fəxri Legion Ordeni zabit rütbəsinə, habelə UNESCO-nun “Qızıl Motsart” medalına və “Türk Dünyasına xidmət” mükafatına layiq görülmüşdür.
Keçən il o, Krans Montana Forumunun Qızıl medalına layiq görülmüşdür.
Mehriban Əliyeva məzunu olduğu İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professorudur.
Azərbaycanda Beynəlxalq “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinə rəhbərlik edir.
Xatırladaq ki, “Birlik ulduzları” dövlətlərarası mükafatı hər il elm, təhsil, mədəniyyət və incəsənət sahələrində böyük uğur və töhfələrə, dünya nailiyyətləri səviyyəsinə uyğun olan və MDB ölkələrinin humanitar əməkdaşlığına şərait yaradan humanitar fəaliyyətə görə verilir.
Təntənəli təltif mərasimində keçənilki laureatlar, Birlik ölkələrinin elmi və yaradıcı ziyalılarının nümayəndələri,
MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin üzvləri, MDB ölkələrinin nazirliklərinin və idarələrinin, diplomatik korpusun nümayəndələri iştirak etmişdir.