Mehriban Əliyevaya “İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” Diplomu təqdim edilib
13.04.2012Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” Diplomu və Xatirə nişanı təqdim edilmişdir.
Təntənəli təqdimat mərasimi Azərbaycanın birinci xanımının məzunu olduğu MDTU-da yerləşən Tibb Tarixi Muzeyinin binasında keçirilmişdir. Əvvəlcə o, Tibb Tarixi Muzeyi ilə, buradakı eksponatlarla, o cümlədən səhiyyənin taixi ilə bağlı qədim əşyalarla tanış olmuşdur.
MDTU-nun rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor Pyotr Qlıboçko ali məktəbin kollektivi adından ali qonağı salamlayaraq qeyd etmişdir ki, öz çoxsahəli fəaliyyətində Heydər Əliyev Fondu səhiyyə sahəsinə çox böyük diqqət yetirir. Universiteti 1988-ci ildə əla qiymətlərlə bitirmiş Mehriban xanım Əliyeva ali məktəbin fəxridir və çox sevindirici haldır ki, o, bu gün də doğma elm ocağını unutmur, universitetlə əlaqə saxlayır, onun problemlərinə böyük diqqətlə yanaşır. P.Qlıboçko xüsusilə vurğulamışdır ki, Elmi Şuranın yekdil qərarı ilə Mehriban xanım Əliyevaya Fəxri professor adı verilmişdir.
Sonra MDTU-nun prorektoru Pyotr Litvitski elmi adın verilməsi haqqında rəsmi sənədi oxumuş və Mehriban xanım Əliyevanın müxtəlif beynəlxalq ictimai təşkilatlar tərəfindən layiqincə qiymətləndirilən çoxtərəfli fəaliyyətindən danışmışdır.
MDTU-nun rektoru Pyotr Qlıboçko Azərbaycanın birinci xanımına “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” diplomunu, Xatirə nişanını və professor mantiyasını təqdim etmişdir.
Mehriban xanım Əliyeva ona yüksək Fəxri professor adının verilməsinə görə ali məktəbin rəhbərliyinə, onun bütün professor-müəllim və elmi heyətinə dərin minnətdarlığını bildirmişdir. O demişdir: “Bu gün mən çox şadam ki, təkcə gənclik və tələbəlik illəri ilə deyil, həm də yeni dünyanın, yeni bilik aləminin açılması ilə, intellektual potensialın toplanması ilə yadda qalan öz ali məktəbimizdəyəm. Bu gün çox şey dəyişmişdir, dəyişməz qalan təkcə bir şeydir: bu ali məktəbin yüksək maarifçilik ruhu”.
M.Əliyeva çıxışında Heydər Əliyev Fondunun sosial və humanitar sahələri, təhsil və səhiyyə sahələrini əhatə edən fəaliyyətindən və onun əhəmiyyətindən ətraflı danışmışdır. Fond mövcud olduğu illər ərzində səhiyyə sahəsində çox böyük iş görmüş, talassemiyaya, diabetə və digər uşaq xəstəliklərinə qarşı mübaizəyə, uşaqlar arasında ölüm hallarının sayının azaldılmasına və bütövlükdə Azərbaycanda səhiyyə sisteminin inkişafına yönəldilmiş bir sıra iri layihələr həyata keçirmişdir. M.Əliyeva, həmçinin tədbirin iştirakçılarına uşaq tərbiyə müəssisələrinin, məktəblərin tikintisinə, ümumən təhsil layihələrinə Fondun töhfəsi barədə məlumat vermişdir. O xüsusi qeyd etmişdir ki, son illər Azərbaycanda və onun bölgələrində minlərlə məktəb, habelə tibb müəssisələri və digər sosial obyektlər tikilib istifadəyə verilmişdir.
Mehriban xanım Əliyeva keçən il dövlət müstəqilliyinin 20 illiyini qeyd etmiş müasir Azərbaycanın müvəffəqiyyətlərindən, bütün sahələrdə ölkənin sürətli inkişafından ətraflı söhbət açmışdır.
Mehriban xanım Əliyeva bildirmişdir ki, bu gün ona “Birliyin ulduzları” dövlətlərarası mükafatı təqdim edilmişdir və o, bu mükafatın pul hissəsini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinə köçürməyi qərara almışdır.
Sonda Mehriban xanım Əliyeva fəaliyyətinə verilən yüksək qiymətə görə bir daha minnətdarlığını bildirmiş və görüşün bütün iştirakçılarını Azərbaycana dəvət etmişdir.