Mehriban Əliyeva Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib
14.09.2009Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilmişdir.
Sentyabrın 14-də Heydər Əliyev Fondunda ordenin təqdimetmə mərasimi olmuşdur.
Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski bildirdi ki, Prezident Lex Kaçinski Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanımı bu ordenlə təltif etmişdir.
Azərbaycanın birinci xanımının fəaliyyətinin Polşada yaxşı məlum olduğunu qeyd edən diplomat dedi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti hər kəsə nümunədir.
Kşiştof Krayevski Heydər Əliyev Fondunun 5 illik fəaliyyətini yüksək qiymətləndirdi.
Sonra diplomat Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordenini Mehriban xanım Əliyevaya təqdim etdi.
Xatirə şəkli çəkdirildi.
Fəaliyyətinə verilən yüksək qiymətə görə Polşa Prezidentinə minnətdarlığını bildirən Mehriban xanım Əliyeva bu ordenə layiq görülməsinin onun üçün böyük şərəf olduğunu dedi.
Ölkələrimiz və xalqlarımız arasında tarixən dostluq əlaqələrinin mövcud olduğunu diqqətə çatdıran Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, dövlətlərimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr müxtəlif sahələrdə daha da inkişaf etmişdir.
Mehriban xanım Azərbaycan-Polşa münasibətlərinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rol oynadığını vurğuladı.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Samux rayonunun Sarıqamış kənd orta məktəbinin tikintisinə Polşanın göstərdiyi kömək, habelə Azərbaycanda “Şopen ili”nə Heydər Əliyev Fondunun verdiyi dəstək yüksək qiymətləndirildi.