Mehriban Əliyevaya “Qızıl ürək” beynəlxalq mükafatı təqdim olunub
27.05.2007Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya yüksək mükafat – “Qızıl ürək” beynəlxalq mükafatı təqdim olunmuşdur.
Mayın 27-də Moskvanın Stanislavski və Nemiroviç-Dançenko adına Musiqili Teatrında keçirilən mərasimə gələn Mehriban xanım Əliyeva əvvəlcə məşhur İtaliya aktrisası, mərasimin patronessası Sofi Lorenlə görüşmüşdür. Sofi Loren Azərbaycanın birinci xanımını bu mükafata layiq görülməsi münasibətilə təbrik etmişdir.
Sonra “Qızıl ürək” beynəlxalq mükafatının dördüncü təqdimat mərasimi olmuşdur. Mərasimi Sofi Loren açmışdır. Mehriban xanım Əliyevaya “Qızıl ürək” mükafatını – heykəlciyi və “Beynəlxalq mükafatın laureatı” fəxri nişanını Sofi Loren, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İqor İvanov təqdim etmişlər.
Azərbaycanın birinci xanımına mükafatı təqdim edən Sergey Mironov Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu çərçivəsindəki fəaliyyəti ilə yaxşı tanış olduğunu bildirərək vurğulamışdır ki, “belə xeyirxah və qızıl ürəklər insanlara və dünyaya fəzilət bəxş edir”.
MEHRİBAN XANIM ƏLİYEVA təşəkkür edərək demişdir:
- Mükafata görə çox sağ olun, mənim ünvanıma deyilən səmimi sözlərə görə çox sağ olun!
Çox sağ olun ki, mürəkkəb zəmanəmizdə səylə mərhəmətə çağırırsınız. Düşünürəm ki, həm laureatlarınızın və həm də nominantlarınızın xeyirxah işləri mərhəmətə, rəhmdilliyə, başqasının dərdinə şərik olmağa, ətrafdakıların və bizim köməyimizə ehtiyacı olanların ağrı-acısını duymağa və bölüşməyə çağırışdır.
Mən arzu edirəm ki, bu mükafatın laureatlarının sayı ilbəil artsın və beləliklə, dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə isə, azacıq da olsa, əskilsin. “Qızıl ürək” müxtəlif ölkələrdən olan insanları, müxtəlif peşə və vəzifə sahiblərini universal və əbədi ideya - xeyirxahlıq ideyası ətrafında birləşdirir.
Bu böyük və nəcib işinizə görə çox sağ olun.
Azərbaycanın birinci xanımına “Qızıl ürək” mükafatının təqdimatından əvvəl Heydər Əliyev Fondu haqqında sənədli film nümayiş etdirilmişdir. Filmdə Mehriban xanım Əliyevanın fəaliyyətindən, təhsil, mədəniyyət, səhiyyə sahəsində həyata keçirilən geniş layihələrdən, habelə xəstə, yetim uşaqlara, aztəminatlı ailələrin uşaqlarına göstərilən yardımdan bəhs olunurdu.
Tədbirin təşkilatçısı, “Qızıl ürək” Xeyriyyə Fondunun təşkilat komitəsinin rəhbəri, tibb elmləri doktoru Yakov Brand AzərTAc-ın müxbirinə demişdir ki, Mehriban xanım Əliyeva bu yüksək mükafata layiqdir, çünki onun başçılıq etdiyi Fond, ilk növbədə, xəstə uşaqlara yardım sahəsində çox böyük işlər görür. Mehriban xanım Əliyevaya “Qızıl ürək” mükafatının verilməsi barədə qərar qəbul edilməzdən əvvəl Fondun fəaliyyəti ətraflı öyrənilmiş, diabet, talassemiya, vərəm ilə mübarizə proqramı çərçivəsində, habelə evsiz-eşiksiz və əlil uşaqlara yardım sahəsində görülən konkret işlər yüksək qiymətləndirilmişdir.
Mötəbər mükafatın təqdim olunması mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbrik məktubu oxunmuşdur.
Humanizm ideyalarına və bəşəri ideallara xidmətə xüsusi töhfələrinə görə görkəmli insanların mükafatlandırılması mərasimi hər il Rusiya Federasiyasının YUNESKO-nun İşləri üzrə Komissiyasının, Rusiya Hökumətinin, Rusiya Qızıl Xaç Cəmiyyətinin, Federasiya Şurasının, “Qızıl ürək” Xeyriyyə Fondunun, İTAR-TASS agentliyinin və bir sıra digər təşkilatların himayəsi ilə keçirilir. Bu il “Qızıl ürək” mükafatına yanğın zamanı uşaqları xilas etmiş 11 yaşlı Olqa Kozlova və Dmitri Filyuşin, 60-dan çox uşağı övladlığa götürmüş Sorokinlər ailəsi və ayrı-ayrı şəxslər layiq görülmüşlər.
Təntənəli gecədən və Rusiyanın estrada ulduzlarının iştirakı ilə böyük konsertdən yığılan vəsait “Həyat yolu” xeyriyyə proqramının ehtiyaclarına sərf olunacaqdır.
Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəsi Leyla Əliyeva, Moskva merinin müavini Lyudmila Şvetsova, Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu, məşhur müğənni, Dövlət Dumasının deputatı İosif Kobzon, Rusiya siyasi elitasının, işgüzar dairələrinin görkəmli nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak etmişlər.