Mehriban Əliyeva DST-nin yüksək mükafatına layiq görülüb
17.05.2007Mayın 17-də Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) ali orqanı olan Dünya səhiyyə assambleyasının 60-cı sessiyasının yığıncağı keçirilmişdir. Assambleyanın sədri, Avstraliyanın səhiyyə naziri xanım Ceyn Halton yığıncağı açaraq, bəşəriyyəti təhdid edən və geniş yayılmış xəstəliklərin qarşısının alınmasında həkimlərin şərəfli əməyindən danışmışdır. Sədr Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın təkcə mədəniyyət və təhsil sahəsində deyil, həm də səhiyyə sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirmişdir.
Sədr Mehriban xanım Əliyevanın İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafafına layiq görüldüyünü bildirmişdir. İhsan Doğramacı Fondunun təmsilçisi xanım Filis Ərdoğan uşaq həkimi kimi professor İhsan Doğramacının səhiyyə sahəsində xidmətlərini xatırlatmış və Fondun yaranma tarixindən danışmışdır. Xanım Ərdoğan Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında və onların müasir avadanlıqla təchiz edilməsində Mehriban xanım Əliyevanın gördüyü işləri xüsusi vurğulamışdır.
Assambleya sədri Ceyn Halton və DST-nin baş direktoru xanım Marqaret Çan İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafafını Mehriban xanım Əliyevaya təqdim etmişlər.
Mehriban xanım Əliyeva, Ceyn Halton və Marqaret Çan xatirə şəkli çəkdirmişlər.
Mehriban Əliyeva yığıncaqda çıxış etmişdir.