Prezident İlham Əliyev və ailə üzvləri Mədinədə Peyğəmbər məscidini ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub.

Dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət edib, namaz qılıblar.

Məhəmməd peyğəmbərin vaxtında bu məscid Rəsulullahın Mədinədə bütün fəaliyyətinin mərkəzi olub. Miladi təqvimlə 632-ci ildə həzrəti Məhəmməd (s) dünyasını dəyişdikdə hazırda Peyğəmbər məscidi kompleksinə daxil olan evində dəfn edilib.

Məscid kompleksi müasir texnologiyalar, həmçinin Şərq və İslam mədəniyyətinin vəhdət təşkil etdiyi gözəl memarlıq üslubunda yenidən inşa edilib, ərazisi genişləndirilib. Hazırda burada 650 min müsəlmanın eyni vaxtda ibadətlə məşğul olmaq imkanı var.