Moskvada “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib
10.04.2015Aprelin 10-da Moskvada Azərbaycanda keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı olub.
Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.
Heydər Əliyev Fondu və Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil olunmuş, “Ukrayna” mehmanxanasının Konqres mərkəzində keçirilən tədbirə Rusiyanın ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri və digər nüfuzlu qonaqlar da qatılıblar.
Qonaqlar əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş sərgiyə baxıblar. Tədbirin iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən Azərbaycan haqqında hazırlanmış müxtəlif nəşrlər, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər təqdim edilib.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Daha sonra çıxış edən Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib: “Çox yaxşı haldır ki, birinci Avropa Oyunları möhtəşəm, gözəl Bakı şəhərinə, Azərbaycana həvalə edilib. Bu, həqiqətən çox düzgün qərardır. Biz Azərbaycanda idmanı necə sevdiklərini bilirik. Onu da bilirik ki, Bakı çoxsaylı iri yarışları parlaq səviyyədə keçirib, bu sahədə çox böyük təcrübəsi var. Mən əsla şübhə etmirəm ki, Bakı bu Oyunları parlaq səviyyədə keçirəcək”.
Aleksandr Jukov ölkəsinin Avropa Oyunlarına çox ciddi münasibət bəslədiyini, yarışa qatılacaq Rusiya komandasının tərkibində ən güclü idmançıların yer alacağını söyləyib: “Bizim yaxşı bir ənənəmiz var – Rusiya Komandası Evi yaratmaq ənənəsi. Biz Bakıda da belə bir ev yaratmaq istəyirik. Orada bizim müştərək idman tariximiz nümayiş etdiriləcək. Bu, həm Bakı sakinləri, həm də Oyunlara gələnlər - xarici turistlər, əcnəbi azarkeşlər, bizim Rusiya komandasının azarkeşləri üçün çox maraqlı olacaq. Həm Təşkilat Komitəsinə, həm də Avropanın ən yaxşı idmançılarını Bakıda qəbul edəcək hər kəsə uğurlar arzulamaq istərdim”.
Mərasim iştirakçıları “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş filmə də baxıblar. Filmdə “Bakı-2015”ə hazırlıq işləri, Azərbaycanın paytaxtında yarışlar ilə əlaqədar həyata keçirilən mühüm layihələr əksini tapıb.