Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüş

Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşü olub.

Brüno Lömer Mehriban Əliyevanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu olduğunu bildirib. Birlikdə işləməyə hazır olduqlarını qeyd edən nazir Brüno Lömer deyib ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. “Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd edib. O, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyi təklif edib.

Mehriban Əliyeva ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa böyük önəm verildiyini bildirib və bunun üçün yaxşı zəmin olduğunu vurğulayıb. Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini qeyd edib. Bildirib ki, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalıdır.

Mehriban Əliyeva Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının rolunun əhəmiyyətinə toxunaraq, cari ildə bu komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini qeyd edib. Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömerin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Fransalı nazir Hökumətlərarası İqtisadi Komissiyanın cari ildə iclasının keçirilməsi təklifini yüksək qiymətləndirərək, may ayında Avropada seçkilərdən sonra ölkəmizə səfərə gəlməyə imkanı olacağını deyib. Bildirib ki, Fransa ilə əlaqələr həm də ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasına böyük töhfə verə və Azərbaycanın Avropa İttifaqına inteqrasiyası üçün pəncərə rolunu oynaya bilər.